Xəbərlər
Xalqımızın azadlıq mübarizəsinin zirvəsi
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 36 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.
20 yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər.
20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.
İlk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Faciənin ertəsi günü, yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. 1994-cü il martın 29-da isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin Qərarında bildirilmişdir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
20 Yanvar faciəsi xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Azərbaycanın 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqidir. Baxmayaraq ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə rəhbərlik edənlərin idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının əsiri olması ucbatından Azərbaycan böyük çətinliklərlə, təhlükələrlə üz-üzə qalmışdı, torpaqlarımız işğal edilirdi, xalqımız yenə də ümidini xilaskarına bağladı, bu çətinliklərdən xilas olacağına inamla yanaşdı. Dahi şəxsiyyətin torpaq, Vətən, xalq sevgisi Onu xalqının səsinə səs verməsini şərtləndirdi. 1993-2003-cü illərdə Azərbaycanı bu günü və gələcəyi üçün görülən işlərin xronologiyasına nəzər salmaq kifayətdir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı təmin edildi. Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onun daha da möhkəmlndirilməsi üçün bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməyə çağırdı.
Son 22 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan öz inkişaf modeli ilə digər ölkələrə örnəkdir. Azərbaycanın uğurlarının davamlılığı artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həllinə geniş imkanlar yaratdı. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə Vətən oğullarının qanı, canı bahasına imza atdı. Bu gün şəhidlərimizin ruhu şaddır. Azərbaycanın üçrəngli Bayrağı azad Qarabağımızda və Şərqi Zəngəzurumuzda dalğalanır.
Zaman hakim, tarix isə yaddaşdır. Xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. 20 Yanvar faciəsində Azərbaycan xalqı qətiyyət ilə bir daha təsdiqlədi ki, heç bir qüvvə onun milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz.
