YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın tarixində şərəfli bir səhifə

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

20 Yanvar faciəsindən 36 il ötür. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk edilir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.

Bu qanlı  hadisə Azərbaycan xalqının iradəsini qıra bilmədi,  milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir çətin dövrdə Ulu Öndər Heydər Əliyev 1993-cü ildə  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Öz xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin etdi. Dövlətçiliyimizin əsasları yaradıldı. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın son 22 ildən artıq dövrdə  möhtəşəm uğurlarını şərtləndirdi. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan daha da möhkəmləndi, gücləndi, Ordumuzun maddi-texniki bazası möhkəmləndi, diplomatik mübarizədə qələbələrimiz biri-birini əvəzlədi.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz uğurlarımızın zirvəsi kimi dəyərləndirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizin ən möhtəşəm səhifəsini yazdı. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin sentyabrında rəşadətli ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Müasir müstəqil, qalib, bütövləşən Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir.

Xalqımız hər zaman şəhidlərimizin xatirəsini əziz tutur, onların ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyir. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.