YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqının milli oyanış salnaməsi

Tahir Mirkişili

Milli Məclisin deputatı

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində təkcə dərin faciə və kədər günü deyil, eyni zamanda milli iradənin, azadlıq əzminin və dövlətçilik düşüncəsinin formalaşdığı taleyüklü bir mərhələdir. 1990-cı il yanvarın 20-də Sovet imperiyasının həyata keçirdiyi qanlı hərbi müdaxilə XX əsrin ən amansız və insanlıq əleyhinə törədilmiş cinayətlərindən biri kimi tarixə düşmüşdür. SSRİ rəhbərliyi tərəfindən öncədən planlaşdırılmış və “Bakı əməliyyatı” adı altında həyata keçirilən bu qanlı aksiya dinc əhaliyə qarşı yönəlmişdi. Qadın, uşaq, qoca demədən, silahsız vətəndaşlar ağır zirehli texnikadan və müxtəlif növ hərbi silahlardan atəşə tutulmuş, yüzlərlə insan amansızcasına qətlə yetirilmiş, minlərlə vətəndaş yaralanmışdır. Bu, mahiyyət etibarilə kütləvi insan qırğını və açıq şəkildə insanlıq əleyhinə cinayət idi. Cinayətin miqyasını və mahiyyətini daha da ağırlaşdıran əsas məqamlardan biri ondan ibarət oldu ki, fövqəladə vəziyyətin tətbiqi barədə rəsmi məlumat yalnız qətliam törədildikdən sonra - 1990-cı il yanvarın 20-si səhər saat 5:30-da radio vasitəsilə elan edildi. Bakı şəhərinin komendantı V.Dubinyak tərəfindən verilən bu məlumat Sovet hakimiyyətinin hüquqi nihilizmini və açıq zorakılıq siyasətini bir daha sübut etdi. 20 Yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını faktiki olaraq itirdi.

Bu faciə imperiyanın mahiyyətini, onun xalqlara qarşı apardığı məkrli siyasəti ifşa etdi və Azərbaycan xalqının müstəqillik ideyasını geri dönməz prosesə çevirdi. 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. O, həmin günlərdə Moskvada böyük risk bahasına açıq bəyanatla çıxış edərək, Bakıya sovet qoşunlarının yeridilməsini SSRİ rəhbərliyinin ağır cinayəti kimi qiymətləndirdi, bu qanlı hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb etdi. Bu mövqe Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən tarixi qərar qəbul olundu. Daha sonra, Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü il martın 29-da Milli Məclis səviyyəsində 20 Yanvar hadisələrinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Məhz bundan sonra faciənin əsl mahiyyəti hüquqi müstəvidə açıldı. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş 20 Yanvar qəhrəmanlarının xatirəsi dövlət səviyyəsində əbədiləşdirildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu. Bu addımlar şəhidlərimizin müqəddəs xatirəsinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulması, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirilir. Bu, Azərbaycan dövlətinin öz tarixinə, öz şəhidlərinə və milli yaddaşına sadiqliyinin təzahürüdür.

20 Yanvar hadisəsi 1990-cı ilin qanlı faciəsi olmaqla yanaşı, Azərbaycan xalqının milli kimliyinin formalaşmasında, dünya azərbaycanlılarının təşkilatlanmasında, müstəqil dövlətçilik ideyasının möhkəmlənməsində həlledici rol oynamışdır. Bu tarix həm faciə, həm də qəhrəmanlıq salnaməsidir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. Bu gün müstəqil, güclü və qalib Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin qanı bahasına qazanılmış azadlığın bəhrəsidir. Bu unudulmaz tarix xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə milli qürur və mübarizə nümunəsi kimi ötürüləcəkdir.