YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı yenilməz, məğrur xalqdır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq və şərəf səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.

Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Reallıq bu idi ki, xalqımızın müstəqillik, suverenlik arzusu, niyyəti o dövrdə Sovet hökumətini ciddi narahat edirdi. Xalqımızın bu arzusunu boğmaq üçün cinayət əməlinə, soyqırıma, qırğına əl atıldı, Bakıya qoşun göndərildi, 1990-cı il 20 Yanvar faciəsi yaşandı.

Faciənin ertəsi günü - yanvarın 21-də Ulu Öndər  Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.

20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə  hakimiyyətə qayıdışından sonra verildi. Ümummilli Liderin  təşəbbüsü  ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.

Xalqımız 20 Yanvarda nümayiş etdirdiyi qətiyyəti ilə bir daha sübut etdi ki, qəhrəman, yenilməz xalqdır, haqqının tapdanmasına imkan verməz, Vətənini, onun müstəqilliyini qorumaq əzmindədir. Artıq Azərbaycan dövlət müstəqilliyinin bərpasının 34 ilini arxada qoyub. Müstəqilliyimizin bərpasının ilk illəri Azərbaycan tarixinə qara səhifə kimi yazılsa da, 1993-cü ildən bu günədək qazandığımız uğurlarla qürur duyuruq. Bu uğurları Azərbaycana qazandıran Heydər Əliyev yoludur. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni dövr başladı. Ən əsası müstəqilliyinizin əbədiliyi və dönməzliyi təmin edildi. Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradıldı. Son 22 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı ən yüksək zirvələri fəth etdirir. Beş ildir ki,  möhtəşəm Zəfərimizin sevincini yaşayırıq. Azərbaycan bir daha dünyaya sübut etdi ki, bu torpaqların sahibi bizik və burada daimi olacağıq. Bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları  şaddır. Şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə  parlaq səhifələr yazıblar.  Azərbaycan  mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.