Xəbərlər
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə və ehtiramla anır
Malik Mirzəyev
Milli Məclisin deputatı
Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı yanvarından 36 il ötür. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan Sovet reyimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağa qədər silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu.
SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlının Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına cavab olaraq Azərbaycan xalqının keçirdiyi kütləvi etirazlar mərkəzi hakimiyyəti narahat edirdi. Həmin etirazları güc yolu ilə yatırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququ və Konstitusiyanı kobud şəkildə pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdi.
Ümummilli lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, Kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk düzgün siyasi qiyməti vermişdi.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, 20 Yanvar tariximizdə tutduğu yeri indi daha aydın görürük. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə azadlığa gedən yolda xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biri də odur ki, xalqın birliyi və milli ləyaqət hissi imperiyanın top-tüfənginə qalib gəldi.
Sonradan xalqın təşəbbüsü ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. Həmçinin, Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” adı verildi.Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən, 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Şəhidlərin ruhu şaddır, çünki onların qanı hədər getməyib. Otuz dörd il əvvəl başlayan çətin, məşəqqətli və şərəfli yol xalqımızı 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə qovuşdurdu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfəri, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Məhz buna görə də xalqımız 20 Yanvar faciəsinin 36-cü ildönümünü xüsusi qürur hissi və başucalığı ilə qeyd edir.
