YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Böyük Qayıdışı uğurla həyata keçirən Lider!”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə “Böyük Qayıdışı uğurla həyata keçirən Lider!” mövzusunda tədbir keçirilib.

Tədbirin rəsmi hissəsindən öncə Bakı Biznes Universitetinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Milli Məclisin deputatları Rövşən Muradov, Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməllər əsasında Prezident İlham Əliyev müstəqil Azərbaycanın misilsiz inkişaf yolunu müəyyənləşdirib. Böyük Qayıdış Azərbaycan dövlətçiliyinin Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji inkişaf xəttinin məntiqi davamıdır. Məhz Ümummilli Lider Heydər Əliyev milli dövlət quruculuğunun əsaslarını yaradaraq torpaqlarımızın bərpasını tarixi məqsəd kimi formalaşdırdı. Bu siyasi və ideoloji xətt Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun şəkildə davam etdirildi.

Qeyd olunub ki, hərbi-siyasi və diplomatik sahələrdə əldə olunan nailiyyətlər xalq-iqtidar-ordu birliyinin gücünü bütün dünyaya nümayiş etdirib. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə xalqımızın həmrəyliyinin təntənəsi idi. Bu Zəfər həm doğma torpaqların azad olunması, həm də dövlət suverenliyinin bərpasına gətirib çıxardı.

Vurğulanıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həyata keçirilən irimiqyaslı layihələr burada həyatın yenidən canlanmasının təzahürüdür. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində azad torpaqlarda müasir infrastruktur qurulur, yeni yaşayış mühiti formalaşır. Həmin proses gələcək nəsillərə sabit və firavan həyat bəxş edir.

Diqqətə çatdırılıb ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Böyük Qayıdış Proqramı çərçivəsində insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, doğma torpaqlarına qayıdan əhalinin məşğulluq imkanlarının artırılması, onların keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması istiqamətində də genişmiqyaslı işlər görülür.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv