Xəbərlər
“Uğurlarımızla 2026-ya”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Uğurlarımızla 2026-ya” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edib. O bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.
Ulu Öndər Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər sahələrdə tarixi əhəmiyyətə malik işlər görülüb.
Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edir və Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əldə olunan nailiyyətlərin şah əsəri 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan yeni reallıqlardır. Bundan əlavə, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri və həmin ilin 15 oktyabr tarixində Xankəndi və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalandırılması da tarixi zəfərlərimizdəndir.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova və layihə rəhbəri Aygün Əzizova çıxışlarında qeyd ediblər ki, İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər yalnız ölkəmizin hərbi qüdrətinin nəticəsi deyil, həm də Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə hazırladığı və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsidir.
Həmçinin vurğulanıb ki, bu cür tədbirlərin təşkili gənclərin və müxtəlif yaş qrupundan olan soydaşlarımızın ictimai-mədəni fəallığının artırılmasında mühüm rol oynayır.
Çıxışlardan sonra müxtəlif yaş qrupundan olan rəssamlara “Uğur ulduzu” adlı milli mükafat və hədiyyələr təqdim edilib.
Sonra Yeni Azərbaycan Partiyasınını Himni səsləndirilib.
Tədbir bədii hissə ilə davam edib.
Sonda tədbir iştirakçıları sərgiyə baxış keçiriblər.
