Xəbərlər
YAP Biləsuvar rayon təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd edilib
Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə danışıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində təsis edildikdən sonra Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 12 yanvar 1993-cü ildə ilk rayon təşkilatı məhz Biləsuvar rayonunda yaradılmışdır. Natiq ötən 33 illik müddət ərzində partiyanın rayon təşkilatı üzvlərinin Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini qeyd edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, partiya veteranı, rayon təşkilatının ilk sədri olmuş Valeh Sefiyev Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını deyiblər. Qeyd olunub ki, bu gün partiyaya olan yüksək etimad Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin apardığı siyasətə olan inamın nəticəsidir.
Sonra rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup partiya üzvünə fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
