YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycançılıq ideologiyasının inkişafı, təbliği bütün dövrlərdə öz aktuallığını qoruyur

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycan yeni dövrə  öz gücünə arxalanaraq, aydın məqsədlərlə və inamla daxil oldu. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası ölkəmizin qarşısında yeni imkanlar, üfüqlər açır. Bu gün hansı sahəyə baxsaq ölkəmizin davamlı uğurlarını görür və bundan böyük qürur hissi keçiririk. Dövlət başçısı İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi bu uğurlarımıza bir daha işıq saldı. Cənab İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri də milli-mənəvi dəyərlərimizin qorunması oldu. Ölkə Prezidenti bu  mövzusuda Azərbaycan dilinin qorunmasını və saflaşdırılmasını ön plana çəkdi. Dilin milli kimliyin əsas dayaqlarından biri olduğu vurğulandı və gələcək nəsillərə zəngin, təmiz formada ötürülməsinin vacibliyi qeyd edildi. “İlk növbədə, dil insanları, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, xalqımızın taleyini hamımız yaxşı bilirik, ağır taledir. Əsrlər boyu  müstəmləkəçilik şəraitində yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir: “İstər qədim dövrlərdə, istər Rusiya imperiyası dövründə, fars imperiyası dövründə, Sovet İttifaqı dövründə bu, müstəmləkəçilikdən başqa bir şey deyildi. Müstəqillik tariximiz də zəngin olub. Dövlətçilik əsasları olub. Fəxr edirik o dövlətlərlə. Amma başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb. Bu psixologiyanın fəsadları bu gün də var. Azalır, amma var. Nə qədər az olsa, o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin dəyişməsi ilə, başqa amillərlə bağlıdır. Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir”.

Biz böyük xalqıq. 10 milyondan çoxu  müstəqil Azərbaycanda,   50 milyondan çox azərbaycanlı isə dünyada yaşayır. Yəni  dilimiz böyük xalqın dilidir. Cənab İlham Əliyev bu çağırışı etdi ki,  bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz.

Dilimiz zəngindir. Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və  əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq?  Dövlətimizin başçısı bu məqamı xüsusi diqqətə çatdırdı ki, bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir: “Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm. Nə üçün mübarizə? Çünki bugünkü dünyada sən qapalı məkanda yaşaya bilməzsən. Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən - istər-istəməz təmaslar, ondan sonra internet resursları, sosial şəbəkələr və sair. İstər-istəməz xarici kəlmələr daxil olur və sonra orada həzm olunur və ondan sonra istifadə edilir. Mən bunun əleyhinəyəm”.

Azərbaycan dövlətçiliyi tarixində əvəzsiz rola və müstəsna xidmətlərə malik Ulu Öndər Heydər Əliyev milli dilimizə hər zaman ən yüksək səviyyədə dəyər vermiş, dilimizin qorunub saxlanılması və daha da zənginləşdirilməsi ilə bağlı olaraq öz diqqətini, qayğısını əsirgəməmişdir. Hələ hakimiyyətinin  birinci  dövründə Ulu Öndər Heydər Əliyev bir çox çıxışlarını doğma dilimizdə etmişdır. Bu, Ulu Öndərin öz millətinə və onun dilinə nə qədər bağlı bir siyasi lider olmasının göstəricisi idi. Məhs Ümummilli Liderin qətiyyəti sayəsində 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-nin  Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dövlət dili statusu aldı. Ulu Öndər müstəqil Azərbaycana  rəhbərliyi dövründə də milli dilimizin inkişafını hər zaman diqqətdə saxlamışdı. Ümummilli Liderin  2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. 

Azərbaycançılığın əsas tərkib hissələrindən biri olan dilimizin qorunması, inkişaf etdirilməsi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasıdır. Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur, məgrurluq mənbəyimizdir. Qeyd edilən müsahibəsində bir daha “Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir” bəyan edən cənab İlham Əliyev bu çağırışı da etdi ki, mən heç bir dilin əleyhinə deyiləm, hər bir dilə də hörmət edirəm və mən daha çox dil bilsəydim, ancaq xoşbəxt olardım. Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər: “Məişət səviyyəsində yox, mükəmməl bilsinlər. Buna böyük ehtiyac var. Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır. Biz imkan daxilində təsir etməyə çalışırıq, amma imkanlarımız da çox geniş deyil. Bunun üçün də mənim göstərişimlə artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər”.

Azərbaycançılıq ideologiyasının inkişafı, təbliği bütün dövrlərdə öz aktuallığını qoruyur. Ümummilli Lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilib.