YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətçilikdə ənənələrə sadiqlik davamlı və dayanıqlı inkişafı təmin edən ən böyük amildir

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Dövlətçilikdə ənənə böyük əhəmiyyətə malikdir. Ənənə yazılmayan, lakin hər kəs tərəfindən əməl olunan adətlər toplusudur. Dövlətçilikdə ənənələrə sadiqlik davamlı və dayanıqlı inkişafı təmin edən ən böyük mənəvi amildir. Bu görüşlər ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində televiziya kanalları vasitəsilə görüşərək Azərbaycan ictimaiyyətinə ilin yekunları ilə bağlı məlumatlar verilir. Eyni zamanda da gələcəklə bağlı Prezident öz fikirlərini bölüşür. Vətəndaş necə ki, hər ilinin sonunda ölkə başçısının təbrikini gözləyir, eləcə də hər ilin əvvəlində cənab Prezidentin yeni illə bağlı planlarını, yol xəritəsini, hadisələrə mövqeyini bilmək istəyir. Hər zaman xalqı ilə bir, bütöv olan dövlət başçımız bunu özü təlqin edib desək, yəqin ki, yanılmarıq.

Ölkədə bütün suallara dövlət başçısı, birinci instansiya tərəfindən cavab verilməsi, ölkənin strateji gündəminin müəyyən edilməsi müstəsna haldır. 2026-cı ilin əvvəlində Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ictimai-siyasi, iqtisadi, elmi, mənəvi-psixoloji nöqteyi-nəzərindən çox əhəmiyyətli məqamları özündə ehtiva edir. Lakin ümumiləşdirib bir cümlə ilə ifadə etsək, demək olar ki, Prezident öz müsahibəsi ilə ölkənin strateji gündəmini müəyyən etdi.

5 yanvar 2026-cı il tarixdə verdiyi müsahibə zamanı Prezident cənab İlham Əliyev daxili siyasətlə yanaşı, xarici siyasətə və beynəlxalq münasibətlərə də toxunaraq əhəmiyyətli məqamları ifadə etmişdir. Azərbaycan - ABŞ münasibətlərinin kontekstində yola saldığımız il tarixi il sayıla bilər. Dünyanın bir nömrəli ölkəsində və bir nömrəli ofisində sülhə doğru atdığımız addım - 8 avqust bəyannaməsi ölkəmiz üçün birmənalı 2025-ci ilin ən böyük hadisələrindən biridir. Buna paralel olaraq ABŞ ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədinin imzalanması, Zəngəzur dəhlizinin açılmasının artıq ABŞ prezidenti tərəfindən də təsdiqlənməsi, Azərbaycanla ABŞ arasındakı əlaqələrin çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan etməsi Azərbaycanın və cənab İlham Əliyevin xarici siyasətinin parlaq nümunələrindən biridir. Bunu diplomatik zəfər də adlandırmaq olar.

Azərbaycan ABŞ ilə yaxşı münasibətlərə layiq idi. Lakin bunun baş verməsini istəməyən qüvvələr var idi. Xüsusilə, 907-ci düzəlişin qəbul edildiyi ilk vaxtlarda koqresmen, daha sonra vitse-prezident və prezident olan Co Baydenin anti-Azərbaycan siyasəti Azərbaycan - ABŞ münasibətlərinə ciddi zərbə vurmuşdur. Amma bir məqamı da qeyd etmək lazımdır ki, 907-ci düzəliş qəbul olunarkən o zaman hakimiyyətdə təmsil olunan AXC - Müsavat cütlüyü ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Belə olan təqdirdə onlar milli maraqların müdafiəsi istiqamətində demək olar ki, heç bir müsbət addım atmırdılar. Nəticə etibarı ilə bizə qarşı böyük ədalətsizlik olmuşdur. Biz uzun illər çalışırdıq ki, 907-ci düzəlişi ləğv etdirək. Tramp administrasiyası hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi. Bu gün 5 aydan artıqdır ki, sülh rejimində yaşayırıq. Bu hadisə özlüyündə 2025-ci ili ölkəmizin müasir tarixinə qızıl hərflərlə yazdı.

Azərbaycanın xarici siyasətinin ən böyük uğuru balanslı xarici siyasət kursudur. Bizim kimi “odların arasında” olan bir dövlətin başqa bir şansı da yoxdur. Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Prezidentin Pekinə dövlət səfəri çərçivəsində böyük ehtiramla qarşılanması və ölkəmizə böyük diqqət və maraq göstərilməsi balanslı xarici siyasətimizin faydalı nəticələri kimi də qiymətləndirilə bilər. Çin ilə əmtəə dövriyyəsi 4 milyard dolları keçib və Çin şirkətləri bərpaolunan enerji mənbələrinə investisiyalar qoyur. Nəqliyyat sektorunda fəal əməkdaşlıq fonunda yükdaşımaların əsas artım mənbəyi təbii ki, Çin olacaq. Çin üçün bu regionda Azərbaycan prioritet tərəfdaşdır.

Eyni zamanda da D-8 təşkilatına üzv olmaq, həm də uzun illər başqa heç bir dövləti qəbul etməzlərkən, bizim qəbul olunmağımız böyük diplomatik uğurdur. Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimiz isə 2025-ci ilin daha başqa bir önəmli nailiyyətidir.

Bu il iqtisadiyyatımız və maliyyə imkanlarımız da böyüyüb. Hər il həyata keçirilmiş düzgün iqtisadi siyasət nəticəsində müxtəlif mənbələrdən gələn gəlirlər hesabına dövlət büdcəsi və neft fondunun ehtiyyatları daha da artır. Xarici borcumuz ÜDM-in 6 faizini təşkil edərək tarixdə ən aşağı səviyyədədir. Maraqlı bir məqam da ondan ibarətdir ki, dövlət borcunu Azərbaycan istənilən an ödəmək iqtidarındadır. ÜDM-də11 ay ərzində 3,2 faiz artım qeydə alınıb. Bunlar hər biri ölkənin iqtisadi potensialını gücləndirən və siyasi azadlığını, hərəkət imkanlarını artıran amillərdir.

Bütün məsuliyyətimizlə deyə bilərik ki, Azərbaycan analoqu olmayan sosial siyasət həyata keçirir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, adi söz deyil, bu, diqqətdir, bu, qayğıdır. Bu, hakimiyyətin ən zirvəsindən aşılanan dəyərdir. Bu gün cəmiyyətimizdə olan hər bir adam, hər bir təşkilat Prezident cənab İlham Əliyevin, Birinci xanım çox hörmətli Mehriban Əliyevanın humanist yanaşmalarını özünə rəhbər seçir, seçməlidir də! Onların həssas təbəqədən olan adamlarla münasibəti meyardır, nümunədir. Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmişdir. Eyni zamanda avtomobillər, protezlər, təqaüdlər və s... Baş vermiş müharibələrin dağıdıcı nəticələri eynidir. Lakin bu cür münasibət, bu doğmalıq ölkəmizə xas unikal vəziyyətdir.

Prezidentin toxunduğu incə bir məqam da Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammitində türk dövlətləri arasında hərbi əməkdaşlıq elementi barədə təklifinə verdiyi şərh idi. Dünyada təhlükələr, təcavüzlər bitmir. Təəssüflər olsun ki, imperiya siyasəti bu gün də davam etməkdədir. Bir çox hallarda milli dövlətlər, müstəqil ölkələr ayrı-ayrılıqda bu kimi təcavüzlər qarşısını ala bilmir. Əlbəttə, bizim təklifimiz heç də yeni hərbi birlik və yaxud vahid ordu yaratmaq deyil. Biz istəyirik ki, Türkiyə ilə etdiyimiz kimi digər Türk Dövlətləri ilə də hərbi təlimlər həyata keçirək. Düşünürəm ki, bu məsələyə xüsusi diqqət yetirmək lazımdır.

Müsahibə zamanı bir məqamda məlum oldu ki, Prezident ölkəmizi, onun şəhərlərini, bəzən isə küçələrini, orada olan texniki problemləri belə gözəl bilir və bu qayğılarla yaşayır. Bakı şəhərinin nəqliyyat məsələlərinə həssaslıqla yanaşması, həll yollarının tapılması istiqamətində atılan addımlar bir daha göstərir ki, Prezident hər bir vətəndaşı narahat edən xırda məsələləri belə bilir və ona adekvat reaksiya verir. Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi, yeni ictimai yerlərin yaradılması, metroların tikilməsi, dəmir yollarından istifadənin artırılması kimi müdrik təkliflərin gələcəkdə həyata keçirilməsi bir çox problemin də qısa zamanda həllini tapaçağına sübutdur.

Prezident cari müsahibəsində son dövrlər məmurlarla bağlı baş verən hadisələrə birbaşa münasibət bildirdi. Təyin olunan, səlahiyyət verilən hər bir məmur ona göstərilən etimadı doğrultmaq üçün çalışmalıdır. Prezident açıq dedi ki, yerlərdən gələn siqnallar ciddi yoxlanılır. İctimai nəzarət amilinə də toxunan dövlət başçısı bütün ölkə vətəndaşlarını ona kömək etməyə çağırdı. Ən güclü nəzarət vətəndaşın öz Vətəninə olan nəzarətidir. Prezidentin də dediyi kimi biz böyük xalqıq və gözəl yaşamağa layiqik. Bunun üçün hər birimiz mübariz olmalı, ölkəmizi bütün təhlükələrdən qorumalıyıq.

Əlbəttə, xarici siyasət, ictimai-siyasi, sosial-iqtisadi, hərbi-təhlükəsizlik kimi bir çox məqama müsahibə ərzində toxunulmuş və Prezident İlham Əliyev səmimi fikirlərini ifadə etmişdir. Lakin aktual mövzularla yanaşı dil və torpaq ilə bağlı suallara ölkə başçısının verdiyi cavablar əsl el oğlunun, xalqın sevimli övladının, hər bir azərbaycanlının verəcəyi cavab idi. Prezident bu mövzularda öz fikirlərini ifadə etdikcə yenidən və bir daha xalqın qəlbində özünün yerini möhkəmləndirdi. Prezident: “Biz böyük xalqıq, 10 milyondan çoxu ancaq müstəqil Azərbaycanda yaşayır, amma dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Yəni bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz.” 1969-cu ildə Ulu Öndər Heydər Əliyev də Azərbaycan dilinə belə münasibət bəsləyərək öz siyasi karyerasına başlamışdı. Dil xalqı formalaşdıran əsas amil kimi dövlət başçısının daim diqqətindədir. Ölkə başçısının dilimizlə bağlı sözləri başda Ulu Öndər Heydər Əliyev olmaqla Şəhriyarın, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və bu dil uğrunda gəncliyini, mənalı ömrünü qurban vermiş neçə-neçə Vətən övladının ruhunu şad elədi. Eyni zamanda da öz ana dilini korlayan, onu başqa dillərlə müqayisədə xor görənlərə ölkə başçısı möhtəşəm cavab verdi. Hər halda dilimizə lazımsız sözlər gətirənlər dörd dildə dünya mətbuatına müsahibə verən cənab Prezidentdən daha çox poliqlot olmayacaq. Amma Prezident ana dilinin saflığının, təmizliyinin qorunmasından bəhs edir. Bu məqamlara xüsusi diqqət yetirmək lazımdır. Ondan nümunə götürmək lazımdır.

Bilirsiniz ki, şəhid anlayışı İslam aləmində yaransa da, Türk-İslam birliyi nəticəsində öz ali məqamına, mərtəbəsinə uçalıb. Hər şəhid düşən yeri Vətən adlandıran, işğalda qalan torpağın dərdini öz dərdi bilən, hər Vətənə canını qurban verən övladımızı ali ehtiramla anan bir liderə, bir rəhbərə malik olduğumuz üçün çox şanslıyıq.

Prezidentin yerli telekanallara müsahibəsində qeyd etdiyi kimi “Konstitusiya və Suverenlik İli” kimi yola saldığımız 2025-ci ildə ölkəmiz yenidən və bir daha tarixi uğurlara imza atmışdır. Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə konstitusion dövlət quruculuğunun inkişafında nəaliyyətlər əldə olunmuş, Şanlı Zəfərin dünya ictimaiyyəti tərəfindən qəbul olunmasında tarixi addımlar atılmışdır. Əldə olunan bütün uğurlarda doğma partiyamızın daima dövlətimizin ictimai-siyasi dayağı rolunda çıxış etməsi hər bir YAP üzvü üçün böyük qürur mənbəyidir.

Əminəm ki, 2026-cı – “Şəhərsalma və Memarlıq İli” çərçivəsində də müdrik Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi hədəflərimizin, milli maraqlarımızın tam həyata keçirilməsi istiqamətində daha böyük uğurlara imza atacaqdır.