Xəbərlər
Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın bu və ya digər sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək diqqəti daxili siyasətimizin əsası olan azad edilmiş ərazilərin bərpasına yönəltdi. Qarabağda və Şərqi Zəngəzurda artıq on minlərlə insanın məskunlaşması dövlət proqramlarının real nəticələr verdiyini göstərir. Yaxın illərdə bu rəqəmlərin daha da artması planlaşdırılır. Cənab İlham Əliyev “Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının icrasını necə qiymətləndirirsiniz? İşğaldan azad edilən ərazilərin Azərbaycanın iqtisadi zəncirinə cəlb olunması üçün yeni institusional addımların atılması planlaşdırılırmı” sualına cavab olaraq bildirdi ki, bəli, təbii. İlk növbədə, gərək bu bölgələr arasında bağlantılar yaradaydıq. Çünki işğal dövründə oradakı vəziyyət acınacaqlı idi. Azərbaycan vətəndaşları o bölgələrdə olarkən, xüsusilə işğaldan azad ediləndən sonrakı ilk aylar ərzində görürdük ki, vəziyyət çox acınacaqlı idi: “Hətta mən özüm də dəfələrlə orada olarkən özümə sual verirdim: bəs bu qədər milyonlar, yüz milyonlarla telemarafonlar, - ermənilər hər il yüz milyonlarla pul yığırdılar, - bu pul hara gedirdi? Mən onu orada görmədim. Ancaq bəlkə də orada separatçıların villalarını saymaq olar, amma nə ictimai binalar, nə də hansısa yaşayış binaları var idi. Faktiki olaraq, orada həyat sanki XX əsrin 70-ci illərində dayanıb. Məndə belə təəssürat var idi. Mən 1970-ci illərdə dəfələrlə Azərbaycanın bölgələrində olmuşam və sanki o xatirələr qayıtmış oldu”.
Ona görə bu bölgələrin canlandırılması üçün bağlantılar, enerji təminatı yaradıldı. Azad edilmiş bütün ərazilər mərkəzlə, mərkəzi infrastrukturla birləşdirildi. Dairəvi enerji sistemi quruldu və bu gün mərkəzdən həmin ərazilərə yox, oradan mərkəzə enerji daxil olur. Çünki tarixi Zəfərimizdən ötən beş ildə 307 meqavat gücündə su elektrik stansiyaları yaradılıb.
Azad edilmiş ərazilərimizə qayıdan soydaşlarımızın yüksək səviyyədə yaşayışının təmin edilməsində su təchizatı əsasdır. Bu məsələ də öz həllini tapır. Bir neçə su anbarı yenidən qurulub. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində diqqəti bu məqamlara yönəldərək bildirdi ki, bütün bunlar həm böyük vəsait, həm də işçi qüvvəsi tələb edir. Əgər vəsait olsa, amma işçi qüvvəsi, yaxud da ki, hazırlıqlı kadrlar olmasa, biz bu işi görə bilməzdik: “Bax, indi Kəlbəcər dağlarından elektrik xətləri çəkmək özlüyündə bir qəhrəmanlıqdır, özü də ağır hava şəraitində yollar, körpülər, misalçün, 70 kilometr uzunluğunda tunellər inşa edilir. Onların böyük əksəriyyəti başa çatıb. İlk növbədə, bu bölgə dəmir yolları - Bərdə-Ağdam, indi Ağdam-Xankəndi, avtomobil yolları, magistral, - yəni Zəngəzur dəhlizi öz yerində, - amma, eyni zamanda, Cəbrayıl, Hadrut, Laçın, Kəlbəcər bir-biri ilə bağlı olmalı idi. Mən birinci dəfə Kəlbəcərdən Laçına gedəndə həyatımda belə təhlükəli yol görməmişdim. Uzun illərdir ki, avtomobil sürürəm, o cümlədən vaxtilə müxtəlif ölkələrdə də olanda sürmüşdüm, təbii ki, Azərbaycanın hər bir yerində, amma mən elə təhlükəli yol görməmişdim. Bəlkə də Göygöl-Kəlbəcər yolu, Murov aşırımı, - tunel tikilənə qədər o yoldan istifadə edirdik, - ona bənzər ola bilər. Yəni indi bu dördzolaqlı körpülərlə, tunellərlə təmin olunan yollar - bütün bunlar imkan verəcək ki, bir yerdə yaşayan insan o biri yerdə işləyə bilsin”.
Bu gün artıq işğaldan azad edilmiş ərazilərdə 70 min insan yaşayır. Təbii ki, onların hamısı köçkün deyil. Cənab İlham Əliyev bu hədəfi açıqladı ki, bu il orada yaşayanların sayını bir neçə dəfə artıra bilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə, ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq. İnfrastruktur layihələri icra edildikcə təbii ki, evlərin tikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla, Baş plan əsasında edilir.
Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də vətandaş məmnunluğunun təmin edilməsinin prioritetliyini təsdiqləyir. Cənab İlham Əliyev müsahibəsində bu məqamı da xüsusi vurğuladı ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz, bu birincisi. İkincisi, həmişə çalışmışam və bu gün də çalışıram populizmdən uzaq olum və mümkün olmayan vədləri verməyim: “Mümkün olan inkişafla bağlı Azərbaycan ictimaiyyətini müntəzəm olaraq məlumatlandırıram. Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Yəni biz iqtisadi islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Yəni biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur. Yəni bu, niyyətimizi əyani şəkildə göstərir və bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır”.
Son yeddi ildə 5 sosial islahat paketi icra edilib. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Cənab İlham Əliyev bildirdi ki, biz strateji inkişafla bağlı tam və aydın mənzərəyə sahibik.
Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində xoş ovqat, sabahaımıza böyük inam, yeni-yeni hədəflər, çağırışlar öz əksini tapıb. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, görülən və görüləcək işlər, hədəflər qalib, bütövləşən Azərbaycana möhtəşəm uğurlar vəd edir.
