Xəbərlər
İdman siyasətinin mühüm tərkib hissəsi
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında Azərbaycanın ardıcıl olaraq mötəbər beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsindən, idmançılarımızın beynəlxalq arenalarda əldə etdikləri yüksək nəticələrdən və “Dünyanın İdman Paytaxtı”nda 2026-cı ildə keçiriləcək yarışlardan geniş bəhs etdi. Bildirdi ki, ənənəvi olaraq ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.
Mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etmək ölkəmizdə həyata keçirilən idman siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan 2025-ci ildə III MDB Oyunlarına ev sahibliyi etdi. Bu Oyunlar paytaxt Bakı ilə yanaşı, bölgələrimizin də beynəlxalq idman yarışlarına ev sahibliyi etməyə hazır, böyük potensiala malik olduqlarını təsdiqlədi. Cənab İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə diqqəti bu Oyunlara yönəldərək vurğuladı ki, bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir.
2025-ci ildə Bakıda ilk dəfə keçirilən UFC beynəlxalq turniri və ənənəvi Formula 1 yarışları da ölkəmizin dünya miqyasında təqdimatında mühüm rol oynadı. Cənab İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım COVID-ə qədər davam edirdi. Sonra təbii ki, aşağı düşdü. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq beynəlxalq idman yarışlarını izləmək üçün ölkəmizə gələcək. 2025-ci ildə keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir.
Bu il Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanın dövlət idman siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyev sözügedən mərasimdəki çıxışında bu hadisəni xüsusi vurğuladı, ölkəmizdə idman sahəsində görülən işlərə beynəlxalq müstəvidə yüksək dəyər verildiyini bildirdi. Bir daha bu əminliyi ifadə etdi ki, bu şərəfli adı biz ləyaqətlə daşıyacağıq.
