YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Ötən ilin 26 dekabr tarixində 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Mərasimdə səsləndirilən fikirlər bir daha bu reallığı təsdiqlədi ki,  idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman ölkəsi kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqətin uğurlu nəticələri göz qabağındadır. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin uğurlu siyasəti Azərbaycanı  idman ölkəsinə çevirib. Bunu idman yarışlarında və Olimpiya Oyunlarında qazanılan medallar da təsdiq edir. Təkcə 2025-ci ilin idman uğurlarının fonunda ümumilikdə bu sahədə mövcud vəziyyətin aydın mənzərəsini təqdim etmək mümkündür. Qeyd etdiyimiz kimi, ölkəmizdə idmanın inkişafının əsas göstəricisi idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayıdır. Cənab İlham Əliyev sözügedən mərasimdəki çıxışında bildirdi ki, ənənəvi olaraq ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.

İdmanda uğurlu nəticələrin  əldə edilməsində dövlətin dəstəyi böyük rol oynayır. Bu dəstəyin əsas göstəricilərindən biri ölkəmizdə  idman infrastrukturunun inkişaf etdirilməsi, yeni müasir və təkmil idman komplekslərinin yaradılmasıdır. Bu isə həm idmançılarımızın potensialının üzə çıxarılmasında, həm də onların beynəlxalq yarışlarda daha uğurlu çıxış etmələrində mühüm amildir. Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bildirdi ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. 2025-ci ildə  iki bölgədə- Gəncədə və Yevlaxda  Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır.  Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. Bütün bunlar, eyni zamanda, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir: “Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır. Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun”.

Bu gün hər birimiz qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. İdmançılarımız beynəlxalq yarışlarda qalib Azərbaycanı təmsil edirlər. Cənab İlham Əliyevin vurğuladığı kimi,  idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır: “Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər. Təbii ki, bundan sonrakı illərdə bu siyasət davam etdiriləcək”.