YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

İdmanın inkişafı Azərbaycanın beynəlxalq aləmdə təqdimatıdır. Ölkə  idmançıları qazandıqları uğurlu nəticələrlə Azərbaycanın  dünyada idman ölkəsi kimi mövqeyini  möhkəmləndirirlər. Dövlətimiz idmanın inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirir. Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarında əsas prioritetlərdən biri Olimpiya İdman Komplekslərinin tikintisi, idman obyektlərinin sayının ildən-ilə artırılması, idman növlərinin inkişafına diqqətin artırılması və sair idi. Uğurla icra edilən həmin Dövlət Proqramlarına əsasən bölgələrdə xeyli sayda Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verildi. Dövlət başçısı İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə vurğuladı ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır - Gəncədə və Yevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.

Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi mövqeyini möhkəmləndirir. Ölkəmizdə müntəzəm olaraq beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

Cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı dünənimizə və bu günümüzə baxış əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu. Bu reallıq da xüsusi qeyd edildi ki, idmanla məşğul olan bütün qurumlar çox sıx əlaqəli şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilmişdir. 2025-ci ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir: “Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə biz layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir”.

Cənab İlham Əliyev Azərbaycanın təqdimatında mühüm rol oynayan idman tədbirləri sırasında ənənəvi olaraq keçirilən Formula 1 yarışını da qeyd etdi. Vurğuladı ki,  bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynayır.  Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım davam edirdi, 2025-ci ildə  keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir.

Dövlətimizin başçısı Azərbaycan idmanının uğurlarının ümumiləşdirilmiş ifadəsi olaraq onu qeyd etdi ki, Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir: “Mən əminəm ki, bu şərəfli adı biz ləyaqətlə daşıyacağıq”.

Prezident İlham Əliyev bu çağırışı da etdi ki, əlbəttə, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması da bir ənənəyə çevrilib. Bu, çox gözəl ənənədir, artıq 30 ilə yaxındır ki, davam edir və hər şey ədalətli olmalıdır. Azərbaycanın idman şöhrətini ucaldan insanlar əlbəttə ki, dövlət tərəfindən qiymətləndirilməlidir və onların fəaliyyətinə layiqli münasibət göstərilməlidir.