Xəbərlər
Qlobal idman məkanı - güclü siyasət, rekord nəticələr
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut edir ki, idman strateji mahiyyət daşıyan geniş bir sahədir. İl ərzində idmançılar tərəfindən əldə olunan nəticələr, qurulan infrastruktur, keçirilən mötəbər beynəlxalq yarışlar və formalaşan sağlam ictimai mühit bu siyasətin real nəticələrini ortaya qoyur.
2025-ci il beynəlxalq yarışlarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medalın qazanılması idman tarixində rekord göstərici kimi dəyərləndirilir. Medalların sayının əvvəlki illərlə müqayisədə artması təsadüfi deyil. Bu dinamika idmana göstərilən ardıcıl diqqətin, planlı yanaşmanın və uzunmüddətli dövlət xəttinin məntiqi nəticəsidir. Uğurlar sübut edir ki, seçilmiş kurs real nəticələr verir və bu sahə davamlı şəkildə güclənir.
İdmanın dövlət siyasəti səviyyəsində müəyyənləşdirilməsi bu sahədə əsaslı dönüş yaradıb. Ötən illər ərzində sıfırdan qurulan idman infrastrukturu bu gün ən yüksək standartlara cavab verir. Xüsusilə bölgələrdə yaradılan şərait kütləvi idmanın inkişafına geniş imkanlar açıb. Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu tip obyektlərin sayı 46-ya çatıb. Bu faktor idmanın paytaxtla məhdudlaşmadığını, regionlarda da sistemli şəkildə təşviq olunduğunu göstərir.
2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışında dövlətimizin başçısının vurğuladığı məqamlardan biri sağlam gənc nəslin formalaşdırılması idi. Fiziki cəhətdən möhkəm, mənəvi baxımdan saf gənclik olmadan idmanda və cəmiyyətdə davamlı uğurlardan danışmaq mümkün deyil. Uşaqlıqdan idmana marağın təşviqi gələcək nailiyyətlərin əsasını qoyur. Bu yanaşma təkcə idman nəticələrinə deyil, ümumi ictimai sağlamlığa və sosial sabitliyə xidmət edir.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi siyasətin əsas istiqamətlərindən biri kimi dəyərləndirilir. Fiziki hazırlıqla mənəvi saflığın vəhdəti cəmiyyətin dayanıqlı inkişafının əsas şərti kimi təqdim olunub. Beynəlxalq arenalarda Dövlət Bayrağının qaldırılması hər bir idmançının üzərində daşıdığı məsuliyyəti artırır. Son beş ildə əldə olunan tarixi Qələbə idmançıların çıxışına əlavə mənəvi güc verir, onlar artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara qatılırlar.
2025-ci ilin ən mühüm idman hadisələrindən biri III MDB Oyunlarının keçirilməsi olub. Yarışların bir neçə şəhəri əhatə etməsi təşkilati potensialın yüksək səviyyədə olduğunu nümayiş etdirir. Xüsusilə Gəncə və Xankəndidə yarışların təşkili bölgələrin imkanlarını dünya ictimaiyyətinə tanıdıb. Qonaqların müsbət rəyləri və komanda hesabında ikinci yerin əldə olunması bu tədbirin uğurunu təsdiqləyir.
İlk dəfə keçirilən UFC beynəlxalq turniri isə idman tarixində yeni səhifə açıb. Dünya miqyasında böyük maraq doğuran bu yarış Bakının nüfuzunu daha da artırıb və ölkənin müasir, inkişaf etmiş idman mərkəzi kimi qəbul olunmasına töhfə verib. Dövlətimizin başçısı çıxışında Formula 1 yarışlarının ölkəyə gətirdiyi faydaları vurğulayıb. İlk yarışdan sonra xarici turistlərin sayında 20 faiz artım qeydə alınıb. Bu il bütün biletlərin əvvəlcədən satılması, 20 min tamaşaçının yarışı canlı izləməsi və yarım milyardlıq televiziya auditoriyası şəhərin qlobal miqyasda tanıdılmasında mühüm rol oynayır. Şəhər formatlı yarışın yaratdığı fərqlilik digər ölkələrin də marağına səbəb olub.
Gələn il ilk dəfə Xizək üzrə Dünya Kubokunun Qusarda, Şahdağ Xizək Kurortunda keçirilməsi mühüm hadisə kimi dəyərləndirilir. Bu addım Şahdağı beynəlxalq qış idmanı xəritəsinə daxil edir. Mövcud infrastrukturun genişləndirilməsi, trasların uzunluğunun yaxın illərdə 55 kilometrə çatdırılması və özəl sektorun artan marağı bölgədə minlərlə yeni iş yerinin yaranmasına şərait yaradıb.
Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi görülən işlərə verilən yüksək qiymətin göstəricisidir, bu status böyük məsuliyyət deməkdir. İdmançıların və mütəxəssislərin Prezident İlham Əliyev tərəfindən mükafatlandırılması isə həmin sahədə formalaşmış sağlam münasibətlərin bariz nümunəsidir.
2025-ci ilin idman yekunları göstərir ki, idman sahəsində aparılan siyasət real nəticələr verir. Rekord medallar, güclü infrastruktur, mötəbər beynəlxalq yarışlar və sağlam gənclik modeli bu yanaşmanın təzahürüdür. Bu xəttin davam etdirilməsi ölkənin idman nüfuzunun daha da möhkəmlənəcəyini deməyə əsas verir.
