Xəbərlər
“Uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunub”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Prezident İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi veteranı Elnur Salahov və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun müdiri Orxan Fəxrəddinov çıxış ediblər.
Çıxışlarda müasir Azərbaycanın inkişaf yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzdan, siyasi və iqtisadi sahələrdə əldə olunan uğurlardan, eləcə də Vətən müharibəsində qazanılan tarixi Qələbədən bəhs edilib.
Bildirilib ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. Qeyd edilib ki, dövlət başçısının milli maraqlara əsaslanan prinsipial siyasəti xalq-lider birliyinin parlaq nümunəsidir və Azərbaycan xalqı bu siyasəti dəstəkləyir.
