Xəbərlər
Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib
Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Qaynaq kəndində Vətən müharibəsi dövründə düşmən təxribatı nəticəsində həlak olan mülki şəhid Həsən Asif oğlu Məmmədovun ailəsini ziyarət edərək, onların qayğıları ilə yaxından maraqlanıb. Ziyarətdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının məsul əməkdaşı və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Görüş zamanı Anar Məmmədov bildirib ki, Azərbaycan dövləti hər zaman öz şəhidlərinin əziz xatirəsini uca tutur. O vurğulayıb ki, istər hərbi, istərsə də mülki şəhidlərin ailələri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub. Qeyd olunub ki, Tərtər camaatı müharibə dövründə böyük mətanət göstərərək düşmən qarşısında əyilməyib və şəhidlərin fədakarlığı heç vaxt unudulmayacaqdır.
Şəhidin ailə üzvləri onlara göstərilən mənəvi dəstəyə və sosial qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
