Xəbərlər
YAP Yasamal rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində yekun tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində yekun tədbir keçirilib.
Tədbirdən öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ildönümü ilə əlaqədar əziz xatirələri anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.
Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyev Azərbaycanın suverenliyini tam və dönməz şəkildə təmin edən yeni tarixi mərhələyə imza atdı. Dövlət başçısının ardıcıl və prinsipial siyasəti nəticəsində Azərbaycan regionun güclü və söz sahibi olan dövlətinə çevrildi.
Tədbir interaktiv formada davam edib.
Sonra Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
