YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözünə sadiq Lider

Zahir Qəhrəmanov

YAP Şirvan şəhər təşkilatının sədri

Müstəqil Azərbaycan Respublikasının tarixi inkişaf yolunda elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti təkcə bir dövrü deyil, bütöv bir epoxanı əhatə edir. Belə şəxsiyyətlər tarixə tabe olmur, əksinə, tarix onların fəaliyyəti ilə formalaşır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, müasir dövlətçiliyimizin əsas sütunlarından biri olan cənab İlham Heydər oğlu Əliyev məhz bu qəbildən olan nadir liderlərdəndir. Onun həyat yolu və çoxşaxəli fəaliyyəti müstəqil Azərbaycanın keçdiyi inkişaf mərhələlərinin, əldə etdiyi uğurların və qazandığı tarixi qələbələrin canlı salnaməsidir.

Prezident İlham Əliyev 24 dekabr 1961-ci ildə Bakı şəhərində, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın ailəsində dünyaya gəlmişdir. Bu ailə təkcə bir nəsil deyil, bütöv bir dövlətçilik məktəbi idi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, dövlətə sədaqəti və uzaqgörənliyi, Zərifə Əliyevanın elmi-intellektual irsi İlham Əliyevin dünyagörüşünün, mənəvi dəyərlərinin və liderlik keyfiyyətlərinin formalaşmasında həlledici rol oynamışdır. Məhz bu səbəbdəndir ki, Heydər Əliyev böyük inam və əminliklə demişdir: “Mən İlham Əliyevə özüm qədər inanıram.” Zaman göstərdi ki, bu inam tarixi bir öncəgörmə idi.

İlham Əliyev orta təhsilini Bakı şəhərində başa vurduqdan sonra 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuş, 1982-ci ildə bu nüfuzlu ali məktəbi uğurla bitirmişdir. Daha sonra aspirantura təhsili almış, həmin təhsil ocağında müəllim kimi fəaliyyət göstərmişdir. Beynəlxalq münasibətlər, diplomatiya, qlobal siyasi və iqtisadi proseslər sahəsində qazandığı dərin biliklər onun gələcək siyasi fəaliyyətinin intellektual əsasını təşkil etmişdir. Bu mərhələ İlham Əliyevin analitik düşüncə tərzinin, strateji baxışlarının və qlobal miqyasda düşünmə qabiliyyətinin formalaşmasında mühüm rol oynamışdır.

1990-cı illərdən etibarən İlham Əliyevin siyasi fəaliyyəti ardıcıl və məqsədyönlü şəkildə genişlənmişdir. O, 1995-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş, daha sonra Yeni Azərbaycan Partiyasının rəhbər strukturlarında mühüm vəzifələr tutmuşdur. 2001-ci ildən YAP sədrinin müavini, 2003-cü ildən isə sədrin birinci müavini kimi fəaliyyət göstərmişdir. Eyni zamanda SOCAR-ın vitse-prezidenti, 1997–2006-cı illərdə Milli Olimpiya Komitəsinin prezidenti kimi çalışaraq iqtisadiyyat, enerji siyasəti, idman və gənclər sahəsində zəngin idarəçilik təcrübəsi qazanmışdır. Bu dövr İlham Əliyevin Heydər Əliyev siyasi məktəbinin davamçısı kimi yetişdiyi mühüm mərhələ olmuşdur.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev ölkənin daxili və xarici siyasətində yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Onun rəhbərliyi ilə Azərbaycanda siyasi sabitlik möhkəmləndirilmiş, güclü dövlət institutları formalaşdırılmış, sosial-iqtisadi inkişaf davamlı xarakter almışdır. Regionların inkişafı proqramları çərçivəsində ölkənin bütün bölgələrində infrastruktur yenilənmiş, minlərlə məktəb, xəstəxana, yol, körpü, sosial və mədəni obyektlər inşa edilmişdir. Əhalinin sosial rifahının yüksəldilməsi, əməkhaqlarının və pensiyaların artırılması, şəhid ailələrinə və qazilərə göstərilən xüsusi diqqət Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərini təşkil etmişdir.

Enerji strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycan qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilmişdir. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələr ölkənin beynəlxalq nüfuzunu daha da artırmış, eyni zamanda qeyri-neft sektorunun inkişafı, bərpa olunan enerji mənbələrinin geniş tətbiqi, iqtisadiyyatın şaxələndirilməsi təmin edilmişdir. Azərbaycan artıq iqtisadi cəhətdən özünü təmin edən, dayanıqlı inkişaf edən müstəqil dövlətdir.

Prezident İlham Əliyevin xarici siyasəti milli maraqlara əsaslanan, balanslaşdırılmış və prinsipial siyasət kimi beynəlxalq aləmdə yüksək qiymətləndirilir. ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, İslam və ərəb dünyası, eləcə də türk dövlətləri ilə münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. Son 5 il ərzində Amerika Birləşmiş Ştatlarında keçirilən yüksək səviyyəli görüşlərdə Prezident İlham Əliyev regionun qalib lideri, etibarlı tərəfdaş kimi qəbul edilmişdir. Birləşmiş Ərəb Əmirlikləri və ümumilikdə ərəb dünyasında İlham Əliyevə olan münasibət xüsusi hörmət və ehtiramla xarakterizə olunur; o, sabitlik yaradan, müasir inkişaf modelinin müəllifi olan lider kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin fəaliyyətinin zirvəsi isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədir. Son 30 il ərzində ordunun sistemli şəkildə gücləndirilməsi, müasir silahlarla təchiz edilməsi, milli hərbi sənayenin yaradılması bu tarixi Zəfərin əsasını təşkil etmişdir. Ali Baş Komandanın siyasi iradəsi, qətiyyəti və strateji düşüncəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmişdir.

Müharibədən sonrakı dövr Prezident İlham Əliyevin liderliyinin yeni mərhələsi kimi xarakterizə olunur. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilmiş, “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə insan doğma yurdlarına qayıtmışdır. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi, yüzlərlə kilometr yol və dəmir yolunun çəkilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin reallaşdırılması Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının bariz nümunəsidir.

Post-müharibə dövründə Prezident İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü regionun geosiyasi və iqtisadi xəritəsini dəyişmiş, Azərbaycanı Şərq–Qərb nəqliyyat dəhlizinin əsas mərkəzlərindən birinə çevirmişdir. Türk dünyası ilə əlaqələrin daha da möhkəmləndirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi Prezident İlham Əliyevin ümumtürk birliyinə verdiyi töhfənin göstəricisidir.

Bu gün Prezident İlham Əliyev yalnız Azərbaycanın deyil, Cənubi Qafqaz regionunun lider dövlət xadimi kimi tanınır. Onun fəaliyyəti sübut edir ki, güclü liderlik, siyasi iradə, intellektual potensial və xalqa bağlılıq dövlətin davamlı inkişafının əsas şərtidir. Ulu Öndər Heydər Əliyevin “Mən İlham Əliyevə özüm qədər inanıram” sözləri bu gün tarix qarşısında tam təsdiqini tapmışdır.

Prezident İlham Əliyev müasir Azərbaycanın simvolu, milli birliyin təminatçısı, qalib xalqın Lideridir. Onun rəhbərliyi altında Azərbaycan müstəqil, güclü, suveren və gələcəyə inamla addımlayan dövlətdir.