Xəbərlər
“Nəsillərin görüşü: partiyanın gələcəyi etibarlı əllərdədir”
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı tərəfindən “Nəsillərin görüşü: partiyanın gələcəyi etibarlı əllərdədir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti müstəqil Azərbaycanın yeni tarixinin mühüm mərhələlərini əks etdirir. O qeyd edib ki, YAP yalnız siyasi təşkilat deyil, eyni zamanda milli maraqlara söykənən, xalqın etimadını qazanan güclü ideoloji platformadır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın beynəlxalq nüfuzunun artması, iqtisadi gücünün möhkəmlənməsi və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub”.
YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ümummilli Lider Heydər Əliyevin xalq və dövlət qarşısında xidmətlərindən danışıb. O, partiyanın proqram və prinsiplərinə sadiq qalaraq Azərbaycanı demokratik bir ölkəyə çevirdiyini və müstəqilliyimizin möhkəmlənməsi istiqamətində ardıcıl mübarizə apardığını deyib. Ə.Tağıyev qeyd edib ki, bu gün gənclər yalnız partiyanın üzvləri deyil, eyni zamanda onun gələcəyini müəyyənləşdirən əsas qüvvədir. Gənclərin siyasi biliklərinin artırılması, onların dövlətçilik ideyalarına sadiq ruhda yetişdirilməsi partiyanın əsas prioritetlərindəndir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili çıxışında müasir çağırışlar fonunda gənclərin siyasi proseslərdə fəal iştirakının zəruriliyini diqqətə çatdırıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası gənclərə yalnız tribuna deyil, eyni zamanda real inkişaf və özünüifadə imkanları təqdim edir. YAP-ın gənclər siyasəti Prezident İlham Əliyevin ümumi dövlət strategiyası ilə tam uzlaşır və bu siyasət Azərbaycanın uzunmüddətli inkişafına xidmət edir. Gənclərin bilik, bacarıq və təşəbbüskarlığı dövlətin gələcək uğurlarının əsasını təşkil edir.
Tədbirdə çıxış edən gənc partiya fəalı, Sumqayıt Dövlət Universitetinin müəllimi Günel Şamilzadə gənclərin Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasını böyük qürur və məsuliyyət kimi dəyərləndirib. O bildirib ki, gənclər Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunu qətiyyətlə dəstəkləyirlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, YAP dövlətçilik maraqlarına xidmət edən, xalqla iqtidar arasında möhkəm körpü rolunu oynayan siyasi qüvvədir. Azərbaycanın dinamik inkişafının Sumqayıt şəhərində də aydın şəkildə hiss olunduğunu bildirən RİH başçısı Ulu Öndər Heydər Əliyevin Sumqayıtın inkişafı naminə gördüyü işləri xatırladıb və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Z.Fərəcov həmçinin qeyd edib ki, nəsillər arasında ideoloji və siyasi varisliyin qorunması ölkənin sabitliyi və davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. O, gənclərin dövlətə və partiyaya sədaqətinin gələcək uğurların əsas təminatı olduğunu bildirib.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbir Sumqayıt Musiqi Kollecinin müəllim heyətinin təqdimatında bədii hissə ilə davam edib.
