Xəbərlər
Qələbə, suverenlik və yeni reallıqlar
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Müasir dövrün mürəkkəb geosiyasi mənzərəsində müstəqil və müdrik dövlətçilik xətti yürüdən Prezident İlham Əliyev təkcə Azərbaycan xalqının deyil, eyni zamanda regionun və dünyanın nüfuzlu siyasi liderlərindən biri kimi tanınır. O, həm qalib sərkərdə, həm güclü dövlət başçısı, həm də dərin strateji baxışa malik vizioner lider kimi yeni dövrün liderlik modelini formalaşdırmışdır.
2024-cü il 7 fevral prezident seçkiləri təkcə siyasi proses deyil, həm də tariximizin dönüş nöqtələrindən biri oldu. İlk dəfə olaraq müstəqil Azərbaycan tarixində səsvermə bütün ərazilərimizi – o cümlədən Qarabağı və Xankəndini əhatə etdi. Prezident İlham Əliyevin Xankəndidə səs verməsi isə rəmzi və strateji əhəmiyyət daşıdı. Bu seçkilərdə cənab Prezident xalqın 92.12% etimadını qazanaraq növbəti dəfə ölkəyə rəhbərlik mandatını aldı – bu, xalqla liderin sarsılmaz birliyinin təntənəsi idi.
Prezident İlham Əliyev ölkəmizdə siyasi sabitliyin, sosial rifahın və davamlı iqtisadi inkişafın əsas memarıdır. Onun rəhbərliyi ilə həyata keçirilən “Azərbaycan 2030: Milli Prioritetlər” və “2022–2026-cı illər üzrə Sosial-iqtisadi inkişaf Strategiyası” ölkəmizi yeni inkişaf mərhələsinə aparan əsas yol xəritələridir. Qeyri-neft sektorunun gücləndirilməsi, insan kapitalının inkişafı, rəqəmsal transformasiya, yaşıl enerji və iqtisadiyyat kimi çağdaş prioritetlər dövlət siyasətinin mərkəzindədir.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanı BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və İƏT kimi beynəlxalq platformalarda aparıcı mövqeyə yüksəltmişdir. 2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi ölkəmizin beynəlxalq nüfuzunun təsdiqidir. 2025-ci ildə keçirilmiş Vaşinqton Sammitində ABŞ və Ermənistan liderləri ilə birgə bəyannamənin imzalanması isə Azərbaycanın regionda sülh təşəbbüslərinin müəllifi olduğunu bir daha göstərdi.
Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqların bərpası və Böyük Qayıdış prosesinə şəxsən rəhbərlik edir. Onun təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. COP29-un Bakıda təşkili və Azərbaycanın iqlim gündəliyinə rəhbərlik etməsi isə dövlət başçısının qlobal səviyyədə də liderliyini təsdiq edir.
Prezident İlham Əliyev təkcə dövlət başçısı deyil, eyni zamanda partiya rəhbəri kimi də dərin və sistemli islahatlara imza atmış liderdir. Yeni Azərbaycan Partiyasının 2021-ci il Qurultayında həyata keçirilən struktur və proqram islahatları onun partiya daxilində də çevik və müasir idarəçilik modelini formalaşdırdığını göstərir. Ölkədə siyasi dialoq mühitinin yaradılması və çoxpartiyalı sistemin təşviqi isə demokratik dövlətçiliyin inkişafı yolunda atılmış mühüm addımlardır.
Xüsusilə diqqətəlayiq haldır ki, Prezident İlham Əliyev ad günlərini belə xalqla birlikdə, xüsusilə şəhid ailələri və məcburi köçkünlərlə qeyd edir. Bu, onun xalqla arasındakı dərin mənəvi bağın, xidmətə əsaslanan liderlik anlayışının təcəssümüdür.
Prezident İlham Əliyev XXI əsrin mürəkkəb siyasi və iqtisadi çağırışları fonunda Azərbaycan modelini uğurla dünyaya təqdim edən, sarsılmaz iradəyə, strateji baxışa və dərin xalq sevgisinə malik liderdir. O, sözün əsl mənasında, Zəfər dövrünün Prezidenti, gələcəyin təminatçısı, müdrik və uzaqgörən dövlət başçısıdır.
