Xəbərlər
Mütərəqqi inkişaf, müasir çağırışlar
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl və uğurlu şəkildə davam etdirilməsi bir daha sübut edir ki, xalqın göstərdiyi etimad dərin düşünülmüş və müdrik seçim idi. Bu siyasi kursa inam növbəti mərhələdə də öz təsdiqini tapmış, cəmiyyət tərəfindən dəstəklənmişdir. 2003-cü ildə keçirilən prezident seçkilərində seçicilərin mütləq əksəriyyətinin etimadı ilə başlayan bu mərhələ tərəqqi yolunda həlledici dönüş nöqtəsi olmuşdur.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib. Onun sözlərinə görə, həmin dövrdən etibarən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət sosial-iqtisadi sahədə mühüm nailiyyətlərin əldə olunmasına, güclü iqtisadi potensialın formalaşmasına, müasir cəmiyyət quruculuğuna və vətəndaşların rifahının yüksəlməsinə şərait yaradıb. Eyni zamanda, təhlükəsizlik məsələləri, müasir ordu quruculuğu və beynəlxalq mövqelərin möhkəmləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.
Deputat qeyd edib ki, formalaşmış yeni reallıqlar fonunda inkişafın növbəti mərhələsinə inamla qədəm qoyulub. Qarşıda duran əsas strateji vəzifələr müstəqilliyin daha da möhkəmləndirilməsi, əldə edilmiş nailiyyətlərin qorunması və uzunmüddətli dayanıqlığın təmin edilməsidir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparılması, Böyük Qayıdış prosesinin davam etdirilməsi prioritet istiqamətlər sırasında qalır.
Vüqar İskəndərov vurğulayıb ki, tolerantlıq və multikulturalizm dəyərlərinin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi sahəsində də nümunəvi mövqe formalaşıb. Bu yanaşma beynəlxalq aləmdə etimad və hörmətin artmasına mühüm töhfə verib.
Deputat gənclərlə bağlı həyata keçirilən siyasəti xüsusi qeyd edərək bildirib ki, onların potensialının reallaşdırılması, vətənpərvər və savadlı kadr kimi yetişdirilməsi, gənc ailələrin sosial təminatının gücləndirilməsi dövlətin uzaqgörən yanaşmasının bariz nümunəsidir. Məhz bu siyasətin nəticəsi olaraq gənclər öz gücünə və imkanlarına daha çox inanır. 44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirləri zamanı nümayiş etdirilən birlik, əzmkarlıq və fədakarlıq bunun real göstəricisidir.
V.İskəndərov diqqətə çatdırıb ki, dövlətimizin başçısı sosial obyektlərin açılışlarında iştirak edir, məcburi köçkünlər və şəhid ailələri ilə görüşür. Bu görüşlər xalqa bağlılığın və sosial həssaslığın aydın ifadəsi kimi dəyərləndirilir. Əldə olunan bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır.
