Xəbərlər
“Əbədiyaşar Lider”
Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatının və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb, dahi şəxsiyyətin xatirəsi böyük ehtiramla yad edilib.
Tədbir iştirakçıları rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin fəaliyyət dövrünü əks etdirən eksponatlarla və xatirə şəkilləri ilə tanış olublar.
Sonra Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan videoçarx nümayiş edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi və böyük xilaskarlıq missiyası barədə danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri zəngin dövlətçilik təcrübəsi və müdrik siyasəti ilə müstəqil Azərbaycanı möhkəmləndirməsidir: “Xalqımız Ümummilli Liderin əvəzsiz xidmətlərini heç zaman unutmur, Dahi Şəxsiyyətin əziz xatirəsinə və parlaq ideyalarına dərin hörmət və ehtiram bəsləyir”.
Qeyd edək ki, Qobustanda Ümummilli Liderin anım günü ilə bağlı ehsan süfrəsi də təşkil olunub.
