Xəbərlər
Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycanı yeni zəfərlərə aparır
Azər Süleymanov
YAP Nəsimi rayon təşkilatının sədri
Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının nəticəsidir ki, ölkəmizdə milli dövlətçilik ənənələri mükəmməl siyasi-ideoloji dayaqlar sistemi üzərində formalaşmışdır. Dövlət müstəqilliyinin qorunmasi naminə böyük və əvəzedilməz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımız tərəfindən hər zaman böyük ehtiramla anılır.
1990-cı illər ölkəmizin ictimai-siyasi həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur və bu dövrdə baş verən hadisələr Ulu Öndərin hakimiyyətə qayıdışını şərtləndirdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətimizi yox olmaq təhlükəsindən xilas edildi. Həyatını xalqının taleyi ilə bağlayan Ümummilli Lider milli dövlətçilik ənənələrini formalaşdırdı və tarixi xidmətləri ilə əbədilik qazandı. Ötən illərə diqqətlə nəzər salsaq görərik ki, Azərbaycanın qazandığı nailiyyətlər məhz Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir.
Hələ 1990-cı ildə törədilmiş 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqına qarşı həyata keçirilən siyasətə kəskin etirazını açıq şəkildə bildirən Ulu Öndər Heydər Əliyevə qarşı təqiblər daha da artdı. Çətin və mürəkkəb dövrdə xalqının yanında olmaq məqsədilə Heydər Əliyev siyasi iradəsini nümayiş etdirərək Vətənə döndü. Ulu Öndərin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında Muxtar Respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağı dövlət bayrağı kimi qəbul edildi və bu barədə qanunvericilik təşəbbüsü Azərbaycan Parlamenti qarşısında qaldırıldı. Naxçıvanda qısa müddətdə demokratik tədbirlər həyata keçirildi və Azərbaycanın gələcək inkişaf yoluna mühüm addımlar atıldı.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi. Muxtar Respublikanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilas olunması istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər eyni zamanda Azərbaycanı müstəqil və xalqımızı firavan görmək arzusu ilə çıxış edirdi. Ümummilli Lider Heydər Əliyevin Ali Məclisin Sədri kimi fəaliyyəti dünya azərbaycanlılarını bir ideya ətrafında birləşdirməyə də səbəb oldu. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən qəbul edilən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Bütün bu nailiyyətlər Heydər Əliyev siyasətinin uğurla reallaşmasının təntənəsi idi.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial- iqtisadi həyatında yeni mərhələ başlandı. Müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli ordu formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində Qarabağ problem ilə əlaqədar 1994-cü ilin mayında atəşkəs sazişi bağlandı. Ümummilli Liderin zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı ilə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirməyə başladı. Heydər Əliyevin müəllifi olduğu bu layihə nəticəsində Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən xalqımızın rifahı naminə səmərəli istifadəsinə imkanlar yarandı. Vurğulamaq yerinə düşər ki, “Əsrin müqaviləsi”nin tərəfdaşı olan ölkələrin hər biri dünyada böyük nüfuza və gücə malikdirlər.
Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan uğurla inkişaf edir. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı möhtəşəm nailiyyətlər Ulu Öndər Heydər Əliyev ideyalarının bəhrəsidir. Artıq Azərbaycan dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. 30 ilədək işğal altında qalan torpaqlarımız hərbi-siyasi yolla azad olunub, ölkəmizin ərazi bütövlüyü təmin edilib. Dövlətimizin təşəbbüsü və bilavasitə iştirakı ilə bir sıra transmilli energetika və nəqliyyat layihələri reallaşdırılıb. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmizə mühüm siyasi-iqtisadi dvidendlər gətirməkdədir. Beləliklə, Azərbaycan uğurla inkişaf edir, dünyada müstəqil siyasət yürüdən nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır.
