Xəbərlər
“Heydər Əliyevin zəngin dövlətçilik irsi və müasir Azərbaycan”
Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyevin zəngin dövlətçilik irsi və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.
Tədbir iştirakçıları rayon Heydər Əliyev muzeyinə və kitab sərgisinə baxış keçiriblər.
Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbirdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov çıxış edərək Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Əldə olunan uğurların zirvəsində işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüz və suverenliyimizin bərpası dayanır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri isə Azərbaycanın gücünü bütün dünyaya göstərir.
Rayon ziyalıları Zahid Həsənov və Zahir Mustafayev, Qusar Peşə liseyinin əməkdaşı Firəngiz Qazıyeva, fəal gənc Bahaddin Osmanov çıxışlarında Heydər Əliyevin irsinin Azərbaycanın müasir tarixində mühüm yer tutduğunu söyləyiblər.
