Xəbərlər
“Heydər Əliyev və müasir Azərbaycanın quruculuğu”
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının və Kürdəmir regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycanın quruculuğu” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
YAP Kürdəmir rayon təşkilatının qərargahında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir regional “ASAN xidmət” mərkəzinin direktoru Ruslan Muradov bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Onun rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin əsası qoyulmuş, müstəqil respublikanın siyasi, iqtisadi və ideoloji sütunları formalaşdırılmış, ölkəmizin gələcək inkişaf strategiyası müəyyən edilmişdir.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə şərəfli dövrünü yaşayır. Azərbaycanın ərazi bütövlüyü bərpa olub, suverenliyi tam təmin olunub.
YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Gülnar Məmmədova, Kürdəmir regional “ASAN xidmət” mərkəzinin baş məsləhətçisi Röyal Yunusov və könüllüsü Samirə Qaraşova çıxışlarında müstəqil Azərbaycanın Heydər Əliyevin ideyaları əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlər əldə etdiyini deyiblər.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
