Xəbərlər
Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş foto sərgi ilə tanışlıq olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, YAP Sədrinin müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Azərbaycana rəhbərliyinin bütün dövrlərində Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə respublikamızın həyatında mühüm işlərə imza atıb, sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olunub.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanda Heydər Əliyevin siyasi kursu çox uğurla davam etdirilir. Qazanılmış tarixi qalibiyyətlərin və böyük uğurların əsasında Ulu Öndərin əbədiyaşar ideyaları, dönməz siyasi xətti dayanır. Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir, onun zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir.
Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, dərin ehtiram və sonsuz minnətdarlıq hissləri ilə anır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında, milyonların qəlbində əbədi və daimi yaşayacaq.
