Xəbərlər
“Heydər Əliyev irsi əbədi davam edəcək və müstəqil Azərbaycana daim zəfərlər bəxş edəcək”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi əbədi davam edəcək və müstəqil Azərbaycana daim zəfərlər bəxş edəcək” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, təhsil, mədəniyyət və gənclər təşkilatlarının əməkdaşları, partiya fəalları və ictimai təşkilatların rəhbərləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Sonra Ümummilli Liderin həyat fəaliyyətinə dair kitab və rəsm sərgilərinə baxış keçirilib.
Göygöl Gənclər Evində keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxışında Ulu Öndər Heydər Əliyevin xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını, ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli lider olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan dövlətinin bütün uğurları Ümummilli Liderin və Prezident İlham Əliyevin adı ilə bilavasitə bağlıdır. Təşkilat sədri qeyd edib ki, Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru inamla irəliləyir.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova çıxış edərək bildirib ki, Vətənə və xalqa misilsiz xidmətlərinə görə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbirlər ölkənin bütün bölgələrində və hüdudlarından kənarda böyük ehtiram və dərin minnətdarlıq hissi ilə geniş şəkildə qeyd olunur. O vurğulayıb ki, müstəqil dövlətimizin memarı olan Ulu Öndərin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları xalqımızın firavan həyatının təmin olunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr verib.
Kəmalə İbrahimova əlavə edib ki, Ümummilli Liderin parlaq ideyaları ölkəmizi və xalqımızı daim zirvələrə aparan yolun əsasını təşkil edir.
Tədbirdə TİAHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyevin “Heydər Əliyev irsi əbədi davam edəcək və müstəqil Azərbaycana daim zəfərlər bəxş edəcəkdir” mövzusunda məruzəsi dinlənilib, həmçinin Üçtəpə kənd orta məktəbinin direktoru Hökümran Qocayev çıxış edib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
