YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Slovakiya: inkişaf edən münasibətlər

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Təkcə son illərdə  səfərlərin dinamikliyinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Dekabrın 8-də dövlət başçısı İlham Əliyev Slovakiyada rəsmi səfərdə oldu. Slovakiya Prezidenti bu səfəri belə dəyərləndirdi ki, bu, Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəridir. Bu,  qarşılıqlı marağımızı ən yüksək səviyyədə təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik: “Biz cənab Prezidentlə geniş tərkibdə və təkbətək formatda geniş müzakirələr apardıq. Biz keçmişdə dəfələrlə görüşmüşük. Hər zaman olduğu kimi, görüşümüz səmimi və açıq şəkildə həyata keçirilmişdir. Çünki bizim ölkələrimiz dost ölkələrdir və bizim münasibətlərimiz hər zaman yaxşı səviyyədə olub. Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. Mən çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır. Burada ciddi artım var. Biz bu gün də qeyd etdik ki, burada hələ də istifadə edilməmiş potensial var”.

Ötən il iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Bu, iki ölkənin münasibətlərini daha yüksək səviyyəyə qaldırdı. Slovakiya Prezidenti bu əminliyi ifadə etdi ki, biz gələcəkdə  daha sıx əməkdaşlıq edəcəyik.

Səfər zamanı dövlət başçısı İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini, həmçinin Slovakiyanın Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə, Slovakiyanın Baş naziri Robert Fitso ilə təkbətək görüşü oldu. Görüşlərdə Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirildi. Ötən il Baş nazir Robert Fitsonun ölkəmizə, bu il isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edildi

Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. İki ölkənin siyasi əlaqələri yüksək səviyyədədir. Hər bir səfərin əhəmiyyətini təsdiqləyən mühüm məqamlardan biri sənədlərin imzalanmasıdır. Bu səfəri çərçivəsində də mühüm sənədlər imzalandı. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Slovakiya Respublikasının Dövlət Baytarlıq və Qida Administrasiyası arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Slovakiya Respublikasının Mədəniyyət Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Slovakiya Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu” imzalandı.

İstər Prezidentlərin görüşlərində, istərsə də mətbuata bəyanatlarında diqqət göstərilən sahələrdən biri enerji oldu. Prezident İLham Əliyev qeyd etdi ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.

Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.

Avropa dövlətləri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində əsas yer tutur. Son illərdə enerji sektorunda atılan addımlara diqqət yetirmək kifayətdir. 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdı. Bu, mühüm sənəd ölkəmizlə Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələrin hazırkı səviyyəsinə aydınlıq gətirdi. Bu, ölkəmizin etibarlı tərəfdaş kimi artan rolunun, onun iştirakı olmadan regionda hansısa iqtisadi layihənin həyata keçirilməsinin mümkünsüzlüyünün təsdiqidir. Hazırda enerji təhlükəsizliyi məsələsi əvvəlki dövrlərdən daha  artıq önəm kəsb edir. Azərbaycanın bu istiqamətdə rolu yüksək dəyərləndirilir.  Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə olduğu Avropa İttifaqı rəsmiləri tərəfindən daim etiraf edilir. Hazırkı dövrün əsas çağırışlarından biri yaşıl enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan ötən il COP29-a ev sahibliyi etməklə bu sahədə yeni körpülərin qurulmasına yol açdı.

Əməkdaşlıqda önəmli istiqamətlərdən biri də nəqliyyatla bağlıdır. Cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik. Biz Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də diqqətdən kənarda qoymamalıyıq. Çünki bunun çox böyük potensialı vardır.