YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Slovakiya: dost ölkələr

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycan və Slovakiya arasında münasibətlər yüksəksəviyyəli səfərlər, parlament diplomatiyası və iqtisadi layihələr vasitəsilə inkişaf etdirilir. Prezident İlham Əliyevin bu günlərdə Slovakiyaya ilk rəsmi səfəri və keçirilən görüşlər ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsinə, siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.

Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən bəri davamlı və sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Slovakiyanın ölkəmizdəki səfirliyi 2019-cu ilin oktyabrından fəaliyyət göstərir, Azərbaycan isə 2023-cü ilin iyulunda Slovakiyada səfirlik təsis edib. Lakin Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ilin aprelindən fəaliyyət göstərir. Bu tarixi mərhələlər iki ölkə arasındakı diplomatik əlaqələrin möhkəm və davamlı olduğunu göstərməklə yanaşı, strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaradıb.

Dövlət başçısı İlham Əliyev səfər çərçivəsində mətbuata bəyanatında dəvətə və qonaqpərvərliyə görə Slovakiya Prezidentinə təşəkkürünü bildirdi və belə bir əminliyi ifadə etdi, səfər  iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcək. Bu, Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəridir. Səfər zamanı həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar bir daha onu göstərdi ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Slovakiya və Azərbaycan arasında imzalanan  Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük.

Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın enerji potensialından geniş bəhs edərək vurğuladı ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.

Parlament diplomatiyası sahəsində də qarşılıqlı səfərlər və görüşlər əməkdaşlığın möhkəmliyini göstərir. Slovakiya Milli Şurasının keçmiş sədri Boris Kollar  Azərbaycana üç dəfə rəsmi səfər edib. Bu səfərlər yalnız diplomatik əlaqələri gücləndirməklə kifayətlənməyib, həm də qanunvericilik, strateji əməkdaşlıq və iki ölkə arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi üçün platforma yaradıb.

İki ölkə arasında əməkdaşlıqda perspektivli sahələrdən biri müdafiə sənayesi sahəsidir. Cənab İlham Əliyev bildirdi: “Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”.

O da vurğulandı ki, bu il  noyabrın 8-də  Vətən müharibəsində tarixi  Qələbənin beşinci ildönümünü qeyd etdik. Fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaratdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik.

Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, Avropa İttifaqına üzv  ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq edirlər. Bu əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir.