YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İki ölkə arasında əlaqələr möhkəm təmələ əsaslanır

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Prezident İlham Əliyev dekabrın 8-də Slovakiyaya rəsmi səfər etdi. Ötən il isə  Slovakiyanın  Baş naziri Robert Fitso ölkəmizdə səfərdə oldu. Hər iki səfər münasibətlərimizdə yeni səhifənin başlanğıcı oldu. Qeyd edək ki, Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Slovakiyanın ölkəmizdəki səfirliyi 2019-cu ilin oktyabrından fəaliyyət göstərir, Azərbaycan isə 2023-cü ilin iyulunda Slovakiyada səfirlik təsis edib. Lakin Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ilin aprelindən fəaliyyət göstərir. Bu tarixi mərhələlər iki ölkə arasındakı diplomatik əlaqələrin möhkəm və davamlı olduğunu göstərməklə yanaşı, strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaradıb.

Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Dövlət başçısı İlham Əliyevin səfəri zamanı diqqət ötən il iki ölkə arasında imzalanan   Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə yönəldildi. Vurğulandı ki, bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra  bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük. Cənab İlham Əliyev qeyd etdi ki,  bütün istiqamətlər üzrə müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər.

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü oldu. Söhbət zamanı Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirildi. Ötən il Baş nazir Robert Fitsonun ölkəmizə, hazırda isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik vurğulandı. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilərək, digər istiqamətlər üzrə də əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bildirildi. Robert Fitso Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı regional sülhün təmin olunması istiqamətində Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı. Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda Slovakiya şirkətinin layihələrdə iştirakı məmnunluqla qeyd olundu, ölkələrimizin arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

İki ölkənin əməkdaşlıq gündəliyinin zənginliyi diqqətdən kənarda qalmadı. Səfərin əməkdaşlıq üçün yeni imkanlar açacağı xüsusi qeyd edildi.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Slovakiya ilə əlaqələr Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, yeni investisiya imkanları açır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.