Xəbərlər
Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Bakı Sağlamlıq Mərkəzi tərəfindən Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov müasir müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərdiyini deyib. O qeyd edib ki, Ulu Öndər Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ümummilli Liderin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti nəticəsində mümkün olub. Ümummilli Lider həm sovet, həm də müstəqillik illərində üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən böyük məharətlə gələrək adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb.
Tədbirdə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin cərrahı Məhəmməd Kərimov xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin tibbin inkişafını diqqət mərkəzində saxladığını xüsusi vurğulayıb.
Çıxışlardan sonra partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
