YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Azərbaycan tarixində silinməz izlər buraxıb

Dekabrın 9-da Azərbaycan-Fransız Universitetində (UFAZ) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev, YAP İdarə Heyətinin üzvü, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, YAP Veteranlar Şurasının üzvü, “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri Sudeyf İmamverdiyev, Bakı-Slavyan Universitetinin rektoru Anar Nağıyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, YAP İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Hikmət Məmmədov, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Rövşən Muradov çıxış ediblər.

Çıxış edənlər Heydər Əliyevin həyat yolu, dövlət və xalq qarşısında xidmətləri barədə danışıb, dahi şəxsiyyətin dövlətçilik tariximizdə oynadığı mühüm rol, ölkəmizin inkişafı və xalqın rifahı naminə həyata keçirdiyi sosial və iqtisadi layihələrdən bəhs ediblər. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin tarixində silinməz izlər buraxdığı, Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etdiyi vurğulanıb.

Tədbir çərçivəsində YAP İdarə Heyətinin üzvü, UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və Yaşar Əhmədovun həmmüəllifi olduğu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi ilə nəşr edilmiş “Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi” kitabının təqdimatı baş tutub. Kitabda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, xalqın rifahının yüksəldilməsi və ölkəmizin uğurlu gələcəyi yolunda fəaliyyəti işıqlandırılıb.

Kitab Ulu Öndərin təhsil, elm, mədəniyyət, enerji və hərb sahələrində apardığı siyasət, milli-mənəvi dəyərlərin qorunmasındakı rolunu və Azərbaycanın müstəqil, qüdrətli dövlət kimi formalaşmasında göstərdiyi sarsılmaz səyləri əks etdirir.