Xəbərlər
“Heydər Əliyev - dünənimizin qüruru, bu günümüzün dayağı”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev - dünənimizin qüruru, bu günümüzün dayağı” mövzusunda tədbir təşkil edilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin xatirəsi anılıb. Dövlət Himni səsləndirilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və digərləri çıxış edərək Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, dövlətçilik idealları və xalqı qarşısında misilsiz xidmətlərinin tariximizin ən parlaq səhifələrini təşkil etdiyini deyiblər. Qeyd olunub ki, dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətinin hər bir məqamı müstəqil Azərbaycanın qurulması, gücləndirilməsi və beynəlxalq aləmdə tanınması üçün əsası qoyulmuş strateji bir yol xəritəsidir. “Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin qurduğu və gələcək nəsillərə miras qoyduğu şah əsəridir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
