YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–Slovakiya: beynəlxalq müstəvidə etibarlı strateji tərəfdaşlıq nümunəsi

Heydər Əsədov

Milli Məclisin deputatı

Azərbaycan-Slovakiya münasibətləri son illər ərzində nəzərəçarpacaq dərəcədə dinamik inkişaf mərhələsinə daxil olub. Dövlətlər arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında yeni siyasi mərhələ formalaşdırmaqla, əməkdaşlığın mahiyyətini və dayanıqlılığını əhəmiyyətli dərəcədə gücləndirib. Prezident İlham Əliyevin 8 dekabr tarixində bu ölkəyə səfəri çərçivəsində mətbuata verdiyi bəyanat həmin münasibətlərin dərinliyini, strateji məzmununu və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur. Sözügedən bəyanat qarşıdakı illərdə daha geniş regional və beynəlxalq əməkdaşlıq xəritəsinin formalaşacağını sübut edir.

Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir, bu yaxınlıq həyata keçirilən real əməkdaşlıq layihələri ilə davamlı şəkildə möhkəmlənir. Hər iki tərəfin müstəqil işçi qrupları siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığa, energetikadan texnoloji sahələrə qədər çoxsaylı istiqamətlərdə intensiv iş həyata keçirir. Bu amillər dövlətlərarası etimadın yüksək səviyyədə olduğunu təsdiqləyir.

Enerji sahəsi Slovakiya–Azərbaycan tərəfdaşlığının əsas məsələlərindən biridir. 2024-cü ildə ilk dəfə Azərbaycan qazının bu ölkəyə çatdırılması mühüm tarixi hadisədir və Avropa enerji xəritəsində yeni strateji xətt formalaşdırır. Azərbaycanın zəngin qaz yataqlarının mövcudluğu Avropanın çoxsaylı dövlətlərinin enerji təhlükəsizliyinə real töhfə vermək imkanı yaradır. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatıb və bu proses dinamik şəkildə genişlənir. Ümumi qaz ixracının 25 milyard kubmetrə çatması, bunun yarısının Avropa ölkələrinə yönəlməsi dövlətimizin qitə üçün dayanıqlı və etibarlı enerji tərəfdaşı olduğunu göstərir.

Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə ixrac imkanlarının genişlənməsi həm Slovakiya, həm də digər regional dövlətlər üçün yeni perspektivlər yaradır. Azərbaycanın bu istiqamətdə inkişaf edən infrastruktur layihələri Avropanın enerji tələbatının təmin edilməsində ölkənin rolunu daha da artırır və bu, ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün strateji baza formalaşdırır.

Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq geniş potensiala malikdir və hər iki ölkənin imkanları bu sahədə bir-birini tamamlayır. Bu əməkdaşlıq yeni texnologiyaların transferinə və yerli istehsalın inkişafına şərait yaradır. Eyni zamanda, tərəflər birgə layihələr vasitəsilə rəqabətqabiliyyətli məhsulların istehsalını hədəfləyirlər. Dövlətimizin başçısının bəyanatında qeyd etdiyi kimi, biz müharibə aparmaq fikrində deyilik: “Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir”.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbənin beşinci ildönümünə həsr olunmuş paradda Slovakiyanın yüksək səviyyəli nümayəndə heyətinin iştirakı ikitərəfli münasibətlərdə siyasi etimadın yüksək olmasını təsdiqləyən mühüm nümunədir. Bu jest Slovakiyanın Azərbaycanla strateji tərəfdaşlığa göstərdiyi hörmətin göstəricisi kimi dəyərləndirilir və müdafiə sənayesi sahəsində gələcək əməkdaşlıq məsələlərini ön plana çıxarır.

Ölkəmiz Şərq-Qərb marşrutunun əsas həlqələrindən biri kimi fəaliyyət göstərir. Bu faktorlar tranzit yük daşımalarının səmərəli təşkili və regional ticarət əlaqələrinin gücləndirilməsi üçün mühüm imkanlar yaradır. Nəqliyyat sektoruna qarşıdakı illərdə əlavə vəsaitin ayrılması Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək və ölkəni Avrasiyanın aparıcı logistika mərkəzlərindən birinə çevirəcək. Bu baxımdan Slovakiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlıq geniş potensiala malikdir. Avropa bazarlarına açılan tranzit xətlərində Slovakiyanın iştirakı iki ölkənin regional iqtisadi sistemdə daha səmərəli mövqe tutmasına şərait yarada bilər. Dövlətimizin başçısının bəyanatında vurğuladığı kimi, infrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin: “Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir”.

Slovakiya ilə aparılan müzakirələr zamanı informasiya texnologiyaları, xüsusilə data mərkəzləri üzrə əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Azərbaycanın böyük enerji potensialına malik olması bu sahədə xarici investisiyalar üçün əlverişli şərait yaradır. Hazırda ölkədə istifadə olunmayan enerji potensialının təxminən 2 giqavat olması və yaxın beş ildə bu rəqəmin 8 giqavata çatdırılması planı informasiya texnologiyaları sahəsində inkişaf üçün ciddi imkanlar vəd edir.

Hazırda iki ölkə arasında müxtəlif sahələri əhatə edən 13 sənəd qüvvədədir. Bu sənədlər siyasi əlaqələri, iqtisadi əməkdaşlıq formatlarını, mədəni və humanitar əlaqələri tənzimləyən mühüm hüquqi baza yaradır. İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu iki ölkə arasında bütün iqtisadi istiqamətlər üzrə əlaqələrin sistemli və davamlı inkişafını təmin edir.

Beləliklə, dövlətimizin başçısının səsləndirdiyi bəyanat Azərbaycan-Slovakiya əlaqələrinin mahiyyətcə strateji xarakter daşıdığını və bu tərəfdaşlığın gələcək illərdə daha da dərinləşəcəyini göstərir. Enerji təhlükəsizliyi, müdafiə sənayesi, nəqliyyat, rəqəmsal iqtisadiyyat və sənaye əməkdaşlığı iki ölkənin siyasi-iqtisadi gündəmində prioritet istiqamətlər kimi formalaşıb. Dövlətlərarası dostluq münasibətləri praktiki əməkdaşlıq layihələri, qarşılıqlı etimad və müstəqil qərarvermə xətti ilə genişlənməyə davam edir. Bütün bunlar regional sabitlik və Asiya ilə Avropa arasında əlaqələrin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.