Xəbərlər
Sabitlik, təhlükəsizlik və tərəqqi
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. 5 il əvvəl, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu erməni hərbi qüvvələrini torpaqlarımızdan çıxarmışdır. 30 ilə yaxın işğal altında qalan Kəlbəcər, 2020-ci il noyabrın 25-də bir güllə atılmadan Azərbaycan torpağına qaytarılmışdır. Bu hadisə Üçtərəfli Bəyanat çərçivəsində rayonun 147 yaşayış məntəqəsinin işğaldan azad olunması ilə nəticələnmişdir.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 53 340 sakin öz dədə-baba yurdundan didərgin düşmüş, 511 dinc sakin həyatını itirmiş, 321 nəfər əsir və itkin düşmüşdür. Rayonun 484 nəfər şəhid var, 258-i hərbçi, 226-sı mülki şəxs. Vətən müharibəsində rayonun 37 sakini şəhid olmuş, Kəlbəcərdən olan 3 döyüşçü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
İşğal dövründə rayonun bütün yaşayış məntəqələri, 13 minədək fərdi mənzil, 87 tarixi abidə, 1 muzey, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina və texnika talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Rayona dəyən zərərin həcmi 761 milyon ABŞ dolları olaraq qiymətləndirilmişdir.
Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. İşğaldan azad olunan şəhərə səfər edən Prezident İlham Əliyev deyib: “Baxın, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 2020-ci ildə biz buradan çıxanda da binaları yandırıb dağıdıblar.”
Dağlar qoynunda yerləşən Kəlbəcər başdan-başa canlı təbiət muzeyini xatırladır. Rayon ərazisində 30 mindən artıq bulaq, 4 mindən çox bitki növü, onlardan 200-ü dərman bitkisidir. Kəlbəcərdə yerləşən zəngin mineral tərkibə malik İstisu müalicə ocağı həzm sistemi xəstəliklərinin müalicəsində əvəzsizdir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ nəticəsində yaranmışdır. Bura 12 çağlayan bulaqdan ibarətdir, suların istiliyi 58,8°C, tərkibi isə litium, brom, yod, mərgümüş, fosfor, sink, maqnezium, dəmir və digər minerallarla zəngindir. İstisu mineral suları həm daxili, həm də xarici xəstəliklərin müalicəsində istifadə olunur. “İstisu” istirahət-müalicə kompleksinin 34 hektar ərazidə inşası davam edir və gündəlik 300 nəfəri qəbul edəcəkdir. Kompleksdə sağlamlıq-bərpa mərkəzi və 10 kottec tikilir.
Kəlbəcər ərazisi qədim tarixə malikdir. Alban dövrünə aid çoxlu abidələr mövcuddur. Bağlıpəyə kəndi yaxınlığında yerləşən Xudavəng kompleksi, Laçın kəndində Laçınqaya qalası, Lev kəndində Lev kilsəsi, Başlıbel kəndində Aşağı və Yuxarı qalaçalar, Çərəkdar kəndində Həsən Camal kilsəsi, Qanlıkənddə Lök qalası, Qalaboynu və Comərd qalaları qədim alban abidələri sırasındadır. Burada otuz min ildən çox tarixi olan yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri və qədim türk əlifbası nümunələri aşkar edilmişdir. Bu daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın və VII əsrdən İslamın yayıldığı dövrlərin yadigarlarıdır.
İşğaldan azad edilmiş Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 2026-cı ilədək 1 şəhər, 1 qəsəbə və 13 kənd olmaqla 15 yaşayış məntəqəsinin bərpası nəzərdə tutulur. İlkin mərhələdə Kəlbəcər şəhərinə 5 min nəfərdən çox, kənd və qəsəbələrə isə 8 min nəfərə yaxın məcburi köçkün qayıdacaqdır. Toğanalı-Kəlbəcər avtomobil yolunun tikintisi xüsusi əhəmiyyət daşıyır. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən yolun uzunluğu 80,7 kilometrdir.
2022-ci il iyunun 26-da Prezident İlham Əliyev Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin hərbi hissəsinin açılışında iştirak etmiş, şəhərin Baş planı ilə tanış olmuşdur. 2023-cü il mayın 27-də isə Kəlbəcərə səfəri zamanı hərbi hospitalın, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin təməlqoyma mərasimlərində iştirak etmişdir. 2022-ci il avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər edərək bir neçə Kiçik Su Elektrik Stansiyasının açılışını etmiş, Zar kəndində yeni tikinti işlərinin təməlini qoymuşlar. 2023-cü il sentyabrın 2-də isə Tərtər çayı üzərindəki “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “İstisu” yarımstansiyasının, “Zar” KSES-in açılışlarında iştirak etmiş, SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını həyata keçirmişlər. Həmin gün Prezident və birinci xanım “İstisu” mineral su zavodunun açılışında da iştirak etmişlər.
Beləliklə, Vətən müharibəsində qazanılan Zəfər sayəsində Kəlbəcər həm tarixi, həm təbii sərvətləri, həm də bərpa olunan infrastrukturu ilə yenidən insanların xidmətinə təqdim olunur. “İstisu” mineral suyu artıq rəsmi qəbullarda və görüşlərdə istifadə olunur və bu, 44 günlük müharibədə qazanılan Qələbənin rəmzlərindən biridir.
