Xəbərlər
YAP xalqımızın iradəsini tək hədəfə çevirməyi bacardı
Aydın Hüseynov
Milli Məclisin deputatı
Müasir dövrdə siyasi partiyaların yaranmasına bir daha nəzər yetirərkən aydın olur ki, siyasi partiyalar müasir siyasi elitanın siyasi sistemdə geniş kütlələrin dəstəyi olmadan legitimliyini təmin edə bilmədiyi zaman yaranıb. Müstəmləkə ölkələrinə nəzər yetirdiyimiz zaman isə bir çox siyasi partiyaların müstəqillik hərəkatları və post-müstəmləkə modernləşmə səyləri sayəsində yarandığını görmək olur. Nəticə etibarilə, istənilən siyasi partiyanın yaranması asan olmayan, son dərəcə çətin prosesdir. Partiya geniş kütlənin iradəsini tək hədəfə çevirməyi bacarmalıdır. Partiya, onun yaranması seçki hüququna əsaslanan bir demokratiya növünün inkişaf etməsi deməkdir. Ölkədə olan siyasi sistem müasir dövrün liberal demokratiyalarına uyğun olmalıdır. Əsas insan hüquqlarına və universal seçki hüququna zəmanət olmalıdır. Siyasi hakimiyyət ilk növbədə ədalətli sistemə əsaslanmalı, geniş seçici kütləsinə malik olmalıdır. Seçicilər yalnız müəyyən maraq qruplarından ibarət vətəndaşlarla məhdudlaşırıldıqda bu da siyasi sistemin nasazlığını üzə çıxardır. Bu gün dünyanın nüfuzlu politoloqları siyasi partiyaları siyasi prosesdə yerinə yetirdikləri funksiya və rollara görə araşdırmağa çalışırlar. Bəzi düşüncə sahibləri siyasi partiyaya müəyyən rolları əhatə edən, sərhədli və müəyyən edilə bilən sosial vahidin üzv aktorları kimi davranan bir qrup fərd olaraq baxırlar. Lakin bu günə qədər "siyasi partiya"nın razılaşdırılmış tərifi yoxdur.
Bəzi siyasi partiyalar dini və ya ideoloji yönümlü ola bilər, digərləri isə sinif, cins, din, peşə və ya irqdən asılı olmayaraq hər cür maraqları əhatə edə bilər. Lakin əsas məsələ ondan ibarətdir ki, burada xalqın iradəsi əks olunsun.
1992-ci ilin 21 noyabrda təsis edilən Yeni Azərbaycan Partiyası xalqın iradəsini özündə əks etdirən, bu iradəni ölkə boyu həyata keçirən, beynəlxalq arenada da ölkəmizi ləyaqətlə təmsil edən Partiyadır. Dövrün nə qədər keşməkeşli olduğunu bütün Azərbaycan xalqı bilir. Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmaqla yanaşı, bir milyondan artıq məcburi köçkün və qaçqın çadır şəhərciklərində yaşamağa məcbur qalmış, ölkədə xaos və anarxiya hökm sürürdü. Ölkə iqtisadiyyatı tamamilə çökmüş, demək olar ki, xarici kapitaldan tam asılı vəziyyətə düşmüşdük. Bütün bunlara əlavə olaraq region dövlətləri ilə münasibətlər tamamilə korlanmış, beynəlxalq arenada isə demək olar ki, heç kimi səsimizi ya eşitmir, ya da eşitmək istəmirdi. Belə bir çətin dövrdə ilkin olaraq xalqı öz idealları ətrafında birləşdirə biləcək ideoloji xəttə ehtiyac duyulurdu. Məhz bu xətt xalqımız üçün çıxış yolu demək idi. Xalq bu işi yeganə şəxsiyyətə-Heydər Əliyev dühasında əmanət etdi. Xalqın təkidli tələb ilə hakimiyyətə gətirilən Heydər Əliyevə “91-lər”in müraciəti ölkə boyu böyük sevinclə qarşılandı. “91-lər”in müraciəti əslində bütün xalqın ürəyindən xəbər verən məsələ idi. Ölkəmizin ən çətin günlərində xalqın önünə keçərək onun iradəsini ifadə edən görkəmli ziyalılarımız Heydər Əliyevə müraciət edərək yaradılacaq siyasi partiyaya rəhbərlik etməyi xahiş edirdilər. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” YAP bu günə qədər həyata keçirdiyi fəaliyyəti ilə, atdığı addımlarla bu fikri təcrübədə həyata keçirməyi bacarmışdır. Azərbaycan elə bir siyasi sistem, idarəçilik və cəmiyyət formalaşdırdı ki, YAP-ın əsas sütunları üzərində dayanan amallar hər keçən gün daha da bərkiyir. Yeni Azərbaycan Partiyasının yaradılması necə obyektiv zərurət idisə, cəmiyyət həyatının bütün sferaları illər ərzində obyektiv meyarlar üzərində quruldu, inkişaf etdi.
21 noyabr 1992-ci il tarixində Naxçıvanda keçirilən təsis konfransı ölkəmizin bütün regionlarını təmsil edərək 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Burada Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarın, partiyanın Nizamnaməsinin və Proqramının qəbul edilməsi kimi tarixi qərarlar alındı. Yekdilliklə partiyanın sədri seçilən Ulu Öndər Heydər Əliyev siyasi meydanın əvəzsiz lideri olduğunu atdığı addımlarla, gələcək inkişaf planları ilə dərhal sübut etməyə başladı. Nəticə etibarilə, Yeni Azərbaycan Partiyası öz çiyinləri üzərinə son dərəcə ağır missiya götürdü. Məhz bu çətin yol boyu xalqın öz Liderinə güvənməsinin nəticəsi oldu ki, Yeni Azərbaycan Partiyası hər keçən gün özünü sübut etməyi bacardı.
Yeni Azərbaycan Partiyası sadəcə ölkənin aparıcı qüvvəsi olmaqla kifayətlənmədi, həm də regionun ən böyük, nüfuzlu siyasi təsisatına çevrilməyi bacardı. YAP xalqın iradəsini ifadə etdiyi üçün xalq partiyası ünvanını qazandı. Olduqca çətin yol keçsə də, bu çətin yol illər ərzində şərəfli fəaliyyətlə müşayiət olundu. Partiya cəmiyyətin demokratik dəyərlər üzərindən inkişafını təşviq etmək baxımından əvəzsiz xidmətlərə malikdir. Bu məqamda qeyd etmək yerinə düşər ki, 2003-ci ildə cənab İlham Əliyevə pənah gətirən xalqımız yenidən Ulu Öndər Heydər Əliyevin ideallarına səs verdi. Cənab Prezident İlham Əliyev illər ərzində siyasi proseslərin daha mütərəqqi hal almasına, ölkə boyu siyasi mədəniyyətin inkişafına, onun təşviq edilməsinə çalışdı. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni Sədri seçilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev atdığı addımlarla, aldığı qərarlarla Ulu Öndər Heydər Əliyevin siyasi xətti boyu addımladı. Məhz bu sadiqlik xalqımızda yenidən inam formalaşdırdı ki, deməli, zamanında çıxılan inkişaf yolundan dönüş olmayacaq. Bu əminliklə hərəkət edən dövlət başçımıza xalqımızın dəstəyi daha da güc verdi. Məhz xalqın gücündən bəhrələnən ali rəhbərimiz tariximizi yenidən qızıl hərflərlə yazmağı bacardı. Nəticə etibarilə, Azərbaycan xalqı bütün dünyada məğrur və müzəffər xalq kimi tanınır.
Yeni Azərbaycan Partiyası ətrafında hər zaman vətənə sadiq olan, ümummilli maraqlara sədaqət göstərən kəsləri cəmləməyi bacarmışdır. Məhz bu cür insanlar cəmiyyətin inkişafına müsbət töhfə verən kəslərdir. 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayı isə istər Partiya daxilində, istərsə də cəmiyyətdə tamamilə yeni səhifə açdı. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi qəbul edildi. Bununla da 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edildi. Qurultayda olduqca önəmli bir qərar da alındı ki, bu da hörmətli Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi oldu. Bu qərarla bir daha Azərbaycan qadınına verilən xüsusi diqqətin, göstərilən inam və etimadın şahidi olduq. Məhz bu qərar Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakı üçün stimul yaratdı. Bu gün hörmətli Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi fəaliyyətlə məşğul olur, aktiv vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşdırır.
Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşır. Yeni Azərbaycan Partiyası bilik və bacarıqlara əsaslanan siyasi meydanı daha da genişləndirir. Bu baxımdan Partiyanın üzvləri ümumi işə töhfə vermək və öz mütərəqqi fikirlərini önə sürmək baxımından təqdim edilən fürsətdən aktiv şəkildə yararlanmalıdırlar.
“Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” beş fəsildən ibarət Partiyanın yeni Proqramı bütün müasir çağırışlara, meyillərə və Azərbaycanın yaratdığı reallıqlara paralel şəkildə həyata keçirilir. Proqram bütün mütərəqqi fikirləri özündə cəmləşdirir.
Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı kimi on strateji istiqamətin müəyyənləşdirilməsi düşünülmüş məsələlərdir. Müəyyənləşdirilən on bir strateji hədəf də “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi” olan əsas məsələdən başlayaraq “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı” kimi həssas məsələləri də özündə ehtiva edərək yaradılan yeni reallıqlar işığında “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış”ı da əhatə edir.
2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində, 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə, 2025-ci il yanvarın 29-da baş tutan bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası Zəfərə nail olmuşdur. Belə ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanmış, Milli Məclisə keçirilən seçkilərdə Partiyamız parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmış, bələdiyyə seçkilərində isə YAP qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etmişdir.
Siyasi dialoqu təşviq edən Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirir ki, “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz”. Bu baxımdan cəmiyyətin inkişafını öz çiyinləri üzərinə götürən Yeni Azərbaycan Partiyası Zəfər əldə etmiş xalqın iqtidar Partiyası kimi hər bir kəsin Partiyasıdır.
