Xəbərlər
Dünənin, bu günün və gələcəyin partiyası
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü tamam olur. Cəmiyyətimizin lokomotivi, regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 33 il keçir. Ötən 33 illik çətin, lakin şərəfli yolda ölkəmizdə qazanılan nailiyyətlərin müəllifləri Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevdir. Uğurların əsas mənbəyi, ilhamverici, hərəkətverici, təkanverici qüvvəsi isə məhz Heydər Əliyevin cəmiyyətimizin bütün sahələrini əhatə edən strategiyası, ideyalarıdır. Bu tarix neçə mindən artıq insanı öz sıralarında birləşdirən, milyonlarla təəssübkeşi olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisədir. Çünki Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP müstəqillik illərində Azərbaycan dövlətinin qazandığı bütün uğurların müəllifi olan hazırkı iqtidarın komandasını təşkil edən hakim partiya, siyasi mərkəzdir.
1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransı keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.
Qətiyyətlə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol müstəqil dövlətimizin və xalqımızın ümidinin, istək və arzularının gerçəkləşdiyi, reallığa çevrildiyi yoldur, tərəqqi, yüksəliş, davamlı inkişaf yoludur.Azərbaycanın etibarlı gələcəyi naminə bizim hamımızın bir yolu, bir məqsədi, bir amalı olmalıdır. Bu yol Heydər Əliyev yoludur. Bu yol Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin böyük Zəfər yoludur. Məqsədimiz isə güclü dövlətə, güclü orduya, güclü xalqa sahib olmaqdır. Cənab İlham Əliyevin rəhbərliyi altında biz bu gün də, sabah da öz gücümüzə arxalanmalıyıq. Bunun üçün də güclü olmalıyıq, necə ki cənab İlham Əliyev haqlı olaraq deyib: "Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq".
Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası barədə müdrikcəsinə dediyi sözlər hamıya bəllidir: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır". Dahiyanə, uzaqgörənliklə deyilmiş ifadədir. Dövr, zaman keçdikcə biz bu gerçəkliyin təkrar-təkrar canlı şahidi oluruq.
Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyətinə nəzər saldıqda qələbələr partiyası olduğunu əminliklə söyləmək olar. Ölkədə keçirilən bütün seçkilərdən qalib çıxan partiyamıza milyonların sevgisi və etimadı tutduğu yola, əqidəyə sadiqliyindən irəli gəlir. Yeni Azərbaycan Partiyasının hər bir qurultayında dövrün tələblərinə uyğun qəbul olunan qərarlar dövlətin, xalqın gələcəyində əhəmiyyətli rol oynayıb. Tarixin sınaqlarından şərəflə çıxan Yeni Azərbaycan Partiyası 33 ildə “dünənin, bu günün və gələcəyin partiyası” olduğunu təsdiqləyib. Yeni Azərbaycan Partiyası hər zaman yeniliyə, təkmilləşməyə meyil göstərən partiyadır və qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bir sözlə, Yeni Azərbaycan Partiyası yeniləşən, inkişaf edən, qüdrətlənən Azərbaycanın partiyası olaraq cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi sayəsində partiyamız bundan sonra da Azərbaycanın inkişafı və çiçəklənməsində daim fəal iştirak edəcəkdir.
