YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli dövlətçilik tariximizin dönüş nöqtəsi

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

1992-ci il 21 noyabr — müstəqil Azərbaycanın siyasi tarixində taleyüklü qərarların verildiyi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə xidmət edən mühüm bir gün kimi yadda qalıb. Həmin tarixdə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ölkəmizi düşdüyü ağır vəziyyətdən çıxaracaq siyasi qüvvənin formalaşması baxımından strateji əhəmiyyət kəsb edirdi.  

Yeni Azərbaycan Partiyası ölkənin ən ağır siyasi, iqtisadi və sosial böhranla üzləşdiyi bir dövrdə — dövlətçiliyin təhlükə altında olduğu zaman meydana çıxdı. Məhz belə bir məqamda Azərbaycan ziyalıları milli məsuliyyəti öz üzərinə götürərək ölkəni böhrandan çıxara biləcək yeni siyasi təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu təşəbbüsün mərkəzində Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti dayanırdı.

Azərbaycanın yeni siyasi mərhələsinin başlanğıcını qoyan məşhur “91-lər”in müraciəti xalqın iradəsinin ifadəsi kimi tarixə düşdü. Ölkənin tanınmış ziyalıları, nüfuzlu ictimai xadimləri Heydər Əliyevə məktub ünvanlayaraq yaradılacaq siyasi partiyaya rəhbərliyi qəbul etməsini xahiş edirdilər. Bu addım dağıdıcı proseslərin qarşısını alan, milli həmrəyliyi təmin edən dönüş nöqtəsi oldu.

Ulu Öndər Heydər Əliyev müraciətə verdiyi cavabda Yeni Azərbaycan Partiyasının yaradılmasını “obyektiv zərurət” kimi qiymətləndirərək qeyd edirdi ki, belə bir siyasi qurum müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində tarixi rol oynaya bilər.

Yeni Azərbaycan Partiyasının təsis konfransı ölkənin bütün regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə Naxçıvanda keçirildi. Konfransda partiyanın Nizamnaməsi və Proqramı qəbul olunaraq partiyanın yaradılması rəsmiləşdirildi. Ulu Öndər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi.

Bu qərar müasir Azərbaycanın siyasi sistemində yeni bir mərhələnin başlanğıcı idi. Beləliklə, dövlətçiliyin xilasında və inkişafında böyük tarixi missiya daşıyan siyasi təşkilat — Yeni Azərbaycan Partiyası formalaşdı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası qısa müddət ərzində geniş ictimai dəstək qazandı və ölkənin aparıcı siyasi qüvvəsi kimi formalaşdı. YAP həm dövlətçiliyin ideya-siyasi dayağına çevrildi, həm də ölkədə demokratik siyasi mədəniyyətin inkişafına ciddi töhfələr verdi. Zaman keçdikcə partiya ümumxalq partiyasına çevrildi, ölkənin sabit inkişafının təminatçısı kimi çıxış etdi və bu mövqeyini bu gün də qorumaqdadır.

2005-ci il 26 martda keçirilmiş III qurultay YAP tarixində yeni mərhələ açdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev partiyanın sədri seçildi. Prezident İlham Əliyevin YAP-a rəhbərliyi Azərbaycan dövlətçiliyinin yeni inkişaf dövrünü formalaşdırdı.

2021-ci il 5 mart tarixində keçirilən VII qurultay YAP-ın struktur və fəaliyyət mexanizmlərinin yenilənməsi baxımından mühüm qərarlar qəbul etdi və Yeni Nizamnamə təsdiq edildi.

İdarə Heyəti və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırıldı. Partiyanın Veteranlar Şurası yaradıldı. Mehriban xanım Əliyeva YAP sədrinin birinci müavini təyin olundu. Bu qərarlar partiyanın müasir dövrün siyasi, sosial və geosiyasi çağırışlarına adekvat şəkildə inkişafını təmin etdi. YAP-ın yeni Proqramı partiyanın ideoloji-siyasi xəttini, milli prioritetlərini və strateji məqsədlərini müəyyən edən konseptual sənəddir. Proqramda aşağıdakı strateji dəyərlər əksini tapıb: Heydər Əliyev yolu, Müstəqillik və Azərbaycançılıq, Dövlətçilik və qanunun aliliyi, Varislik və təkamül, Sosial ədalət, Multikulturalizm, Demokratik ənənələrin inkişafı və s. Həmçinin partiyanın fəaliyyətinin 11 strateji hədəfi müəyyənləşdirilib ki, bunlar arasında güclü iqtisadiyyat, insan kapitalının inkişafı, milli-mənəvi dəyərlərin qorunması, ordu quruculuğu və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış xüsusi yer tutur. Prezident İlham Əliyevin siyasi xətti Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə ölkədə sağlam siyasi dialoq mühitinin yaradılmasına xüsusi önəm verir.

Ölkədə keçirilən seçkilərdə əldə edilən nəticələr partiyanın ölkənin siyasi həyatında lider mövqeyini və geniş ictimai dəstək bazasını təsdiqləyir. 1992-ci il 21 noyabrda Naxçıvanda əsası qoyulan Yeni Azərbaycan Partiyası 33 illik fəaliyyəti ərzində müstəqil dövlətimizin formalaşmasında, inkişafında və möhkəmlənməsində əvəzolunmaz rol oynayıb. YAP bu gün də müasir Azərbaycanın siyasi lideri, dövlətçilik maraqlarının təminatçısı və milli birliyin möhkəm dayağı olaraq öz missiyasını böyük uğurla davam etdirir.

DİGƏR Xəbərlər Arxiv