Xəbərlər
Nərimanov rayonunda fəal gənclərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində partiyanın yaranmasının 33-cü ildönümü münasibətilə fəal gənclərlə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev partiyanın Ulu Öndər Heydər Əliyevin rəhəbrliyi ilə yaranaraq qısa müddət ərzində ümumxalq partiyasına çevrildiyini vurğulayıb. O, YAP-ın 33 illik fəaliyyəti ərzində ölkənin ən güclü siyasi təşkilatına çevrildiyini və xalqın dəstəyi ilə bir çox uğurlara imza atdığını qeyd edib. E.Quliyev partiyanın 740 mindən çox üzvü ilə Prezident, parlament və bələdiyyə seçkilərində ardıcıl qələbələr qazandığını diqqətə çatdırıb. Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin partiyanın nüfuzunu daha da artırdığı bildirilib.
Görüşdə çıxış edən sosial media üzrə mütəxəssislər Rəsul Səlimzadə, Rəna Süleymanlı və YAP Nərimanov rayon təşkilatının əməkdaşı Nərminə Qədirova Yeni Azərbaycan Partiyasının 33 il ərzində çətin və şərəfli missiyanı uğurla həyata keçirdiyini qeyd ediblər. Natiqlər YAP-ın ətrafında birləşən gənclər ordusunun daim Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətini və Prezident İlham Əliyevin yenilikçi siyasətinə dəstəyini nümayiş etdirdiklərini vurğulayıblar.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
