Xəbərlər
Ağdam şəhəri günü – Böyük Qayıdışın parlaq mərhələsi
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
20 noyabr Ağdam Şəhəri Günüdür. “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” Ağdam artıq dünya şəhərinə çevrilir. Onu da qeyd edək ki, azad olunmuş torpaqlarda birinci Baş plan Ağdam şəhəri üçün hazırlanaraq təqdim edildi. Dövlət başçısı İlham Əliyevin Ağdam şəhərinə 15-ə yaxın səfəri olub. Ölkə Prezidentinin hər səfər çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin sayına diqqət yetirmək kifayətdir. Diqqət çəkən məqamlardan biri budur ki, təməli qoyulan sosial obyektlərin açılışı çox böyük vaxtı əhatə etmir. Təbii ki, bu kimi mühüm məqamlar ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 938 nəfər daimi işlə təmin edilib.
Eyni zamanda, inftrastruktur layihələrinin icrasına xüsusi diqqət göstərilir. Ağdam dəmir yolu və avtovağzal kompleksi tikilib. Kompleks Bərdə-Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub və 2025-ci il mayın 10-da açılmışdır. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.
Ümumilikdə Ağdam şəhərinin müasir standartlara, tələblərə uyğun inkişaf planı var. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. İşğaldan azad edilmiş bütün şəhər və kəndlər “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulur. “Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq” söyləyən dövlət başçısı İlham Əliyev Ağdam ictimaiyyəti nümayəndələri ilə görüşündə bu fikri də böyük qürur hissi ilə qeyd etmişdir ki, sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik: “Mən bu 17 il ərzində - 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq.”
Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Burada son beş ildə 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. Bir sözlə, azad edilmiş bütün ərazilərimiz cənnət məkana çevrilir. Azad edilmiş ərazilərimiz böyük turizm imkanlarına malikdir.
