YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan daim dünyanın diqqətindədir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir. Dövlət başçısı İlham Əliyevin  bu günlərdə Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən səsaləndirdiyi çağırışlar da bunun təsdiqidir. Ölkə Prezidenti  “Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın” fikirlərinin davamı olaraq  onu da bildirdi ki, əfsuslar olsun  bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq: “Tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.

Azərbaycan iqtisadi inkişafı ilə daim dünyanın diqqətindədir. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılır. Bakıda,  bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu,əlbəttə ki, həyata keçirilən uğurlu  siyasətin təzahürüdür. Dövlət  başçısı İlham Əliyev hər zaman çıxışlarında bu məqamı da  xüsusi qeyd edir ki, əgər bizdə  güclü təbii resurslar olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına  inkişaf etdirə bilərdik?

Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin  sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Ötən 22 ildə  iki  milyondan artıq  yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir.  Hazırda  Dünya İqtisadi Forumu  inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq, səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi daha qabarıq şəkildə özünü büruzə verər. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Bugünümüzün əsas çağırışlarından biri də budur ki,  dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq  ölkə kimi təqdim etməkdir.

Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bir daha qeyd etdi ki, son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma bugünümüzün reallıqlarıdır. Əsas hədəf budur ki, insanlar daha yaxşı yaşasınlar, onlara  diqqət göstərilsin, qayğıları ilə yaşasınlar. Daim insanlar arasında olmaq  hər dəfə rayonlara yeni təyin edilən rəhbərlərə səsləndirilən mühüm çağırışlardandır. Cənab İlham Əliyev yeni təyin olunan  rayon rəhbərlərinə bu tapşırığı da verdi ki, bütün kəndləri bir-bir gəzib orada insanlarla təmasda olmaq lazımdır: “Mənim tələblərim bundan ibarətdir. Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir. Amma əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız. Sizin üzərinizə böyük vəzifə düşür, bəziləriniz artıq rəhbər vəzifələrdə çalışmısınız, təcrübəniz də var. Bəziləriniz yeni təyin olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız”.