Xəbərlər
Böyük islahatlar
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın qarşısında geniş imkanlar açır. Şaxələndirmə siyasətinin uğurlu nəticələri göz önündədir. Dövlətimiz sahibkarlığın inkişafına xüsusi diqqət göstərərək bütün zəruri olan şəraiti yaradır. Azərbaycan bu göstəricilərə görə beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkələr sırasında qeyd edir. Qarşıdakı dövrdə ölkəmiz daha möhtəşəm uğurları, iqtisadi göstəriciləri ilə diqqətdə olacaq.
Azərbaycan dünyanın biznes mühitinin ən əlverişli olduğu iqtisadiyyata malikdir. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən sonra bütövlükdə ölkə iqtisadiyyatına 350 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanın iqtisadi tarixində qeyri-neft sektoru neft sektorundan, qeyri-neft ixracı neft ixracından daha sürətlə artmağa başladı. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Eyni zamanda, başa düşürük ki, neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik.
Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir. Hazırda Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Tezliklə bu torpaqlarımız da böyük investisiyalar məkanına çevriləcək. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.
Cənab İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən regionların inkişafı fonunda qeyd etdi ki, Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir. Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma mühüm reallıqlarımız sırasındadır. Bütün bu işlər son illər ərzində görülüb. Əsas hədəf budur ki, insanlar daha yaxşı yaşasınlar. İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib orada insanlarla təmasda olmaq lazımdır: “Yəni, mənim tələblərim bundan ibarətdir. Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir. Amma əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız”.
Bu gün dünya işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin fonunda Azərbaycanın iqtisadi və maliyyə imkanlarının şahidinə çevrilir. İqtisadi siyasətin mərkəzində hər zaman insan amili dayanır və iqtisadiyyatın sosial yönümlülüyünə böyük əhəmiyyət verilir. Pensiyalar, sosial müavinətlər, əməkhaqları daim artırılır, dövlət büdcəsi sosial yönümlülüyünü qoruyub saxlayır, milyonlarla yeni iş yerləri açılır, yoxsulluq və işsizlik minimuma endirilir. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bu çağırışı etdi ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir.
