Xəbərlər
Ekoloji tarazlığın qorunması əsas çağırışlardandır
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən ölkənin dayanıqlı inkişafını şərtləndirən mühüm amillərdən biri kimi vətəndaş-məmur münasibətlərindən, məmurların qarşısında dayanan vəzifələrdən, regionların sosial-iqtisadi inkişafından, bölgələrdə infrastruktur layihələrinin icrasından, əhalinin məşğulluğunun təmin edilməsindən və sair kimi mühüm məsələlərdən geniş bəhs edərək bu çağırışı da etdi ki, bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir. Bizim bölgələrimizdə prinsip etibarilə ekologiya ilə bağlı ciddi problemlər yoxdur. Əsas problemlər Bakı şəhərində idi ki, biz bunu uğurla həll edirik. Bakının yeni mənzərəsi bunun əyani sübutudur. Vaxtilə burada ekoloji fəlakət hökm sürürdü. Həm Bakı, həm Sumqayıt ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab olunurdu. Bu gün isə bu, belə deyil. Bu gün Bakı, Sumqayıt parklar şəhərləridir. Biz köhnəlmiş müəssisələri köçürdük, neftlə çirklənmiş yerləri abadlaşdırdıq, rekultivasiya etdik, parklar saldıq. Qara şəhəri Ağ şəhərə çevirdik: “Bölgələrdə isə əlbəttə ki, ekoloji tarazlığın təmin edilməsi üçün, necə deyərlər, başqa üsullar var. Ona görə burada qanunsuz fəaliyyət daha çox ekoloji ziyan vurur, nəinki neft-qaz sənayesi. Ona görə qanunsuz fəaliyyəti məhdudlaşdırmaq, aradan qaldırmaq üçün mənim tərəfimdən müvafiq göstərişlər verildi, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ki, burada çayların məcralarının dəyişdirilməsi, tikinti üçün lazım olan qanunsuz malların işlənməsi, istehsalı - bütün bunlar tənzimlənməlidir və qanunsuz fəaliyyətə qətiyyən yol verilməməlidir”.
Əsas çağırışlardan biri də bu oldu ki, Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir. Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma son illərin reallıqları sırasındadır. Təbii ki, əsas hədəf budur ki, insanlar daha yaxşı yaşasınlar.
Yeni təyin edilən rəhbərlərə “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır” tapşırığını verən cənab İlham Əliyev bildirdi ki, bütün kəndləri bir-bir gəzib orada - kəndlərdə insanlarla təmasda olmaq lazımdır: “Yəni, mənim tələblərim bundan ibarətdir. Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir. Amma əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız. Sizin üzərinizə böyük vəzifə düşür, bəziləriniz artıq rəhbər vəzifələrdə çalışmısınız, təcrübəniz də var. Bəziləriniz yeni təyin olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız”.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin, dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Ən əsası isə qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir. Azərbaycanın yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir.
