YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yeni reallıqlar əsasında müstəqil siyasətini uğurla davam etdirir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.  İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Konstitusiyası Gününün ölkəmizdə təntənəli surətdə qeyd edilməsi tapşırılmışdır. Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.

Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi və konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirilib. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində, 2009-cu il martın 18-də isə 25 maddəyə əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının gücləndirilməsi, həmçinin vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlib. Beləliklə, Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edildi. 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq olundu.  Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli Qanunu ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Yubiley medalı ilə Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif edilirlər. 

Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdu. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.