Xəbərlər
Zaqatalada 8 Noyabr – Zəfər Günü qeyd edilib
8 Noyabr – Zəfər Günü münasibətilə Zaqatala rayonunda bir sıra silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Milli Məclisin deputatları Asif Əsgərov, Azər Kərimli, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə Zaqatala şəhər qəbiristanlığında şəhidlərin məzarları ziyarət olunub. Burada şəhidlərin əziz xatirəsi anılıb, onların ailələrinə başsağlığı verilib.
Sonra tədbir iştirakçıları “Zəfər kompleksi” abidəsini ziyarət ediblər. Ardınca Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin abidə kompleksi ziyarət olunub və mərkəzin foyesində sərgiyə baxış keçirilib. Burada, həmçinin “Qarabağ sən azadsan” adlı tədbir təşkil olunub.
Tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov möhtəşəm Zəfərin 5 illiyi ilə bağlı fikirlərini bölüşüb. O, iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək Prezident İlham Əliyevin müdrik siyasəti və ordumuzun gücü sayəsində əldə edilən şanlı Qələbəni vurğulayıb.
Heydər Əliyev Mərkəzindən “Şəhidlər xiyabanı” xatirə kompleksinə Bayraq yürüşü keçirilib və kompleks ziyarət olunub.
Günün ikinci yarısında millət vəkili Asif Əsgərov Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil edilmiş konsert proqramında rayon ictimaiyyəti ilə bir araya gəlib.
