Xəbərlər
Saatlıda Zəfər Gününə həsr olunmuş şahmat yarışının qalibləri mükafatlandırılıb
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının, Saatlı Rayon İcra Hakimiyyətinin və Saatlı Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məktəblilər arasında keçirilən şahmat yarışının qaliblərinin təltifolunma mərasimi keçirilib.
Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək 8 Noyabr – Zəfər Gününün müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Qeyd olunub ki, bu Qələbə şanlı ordumuzun qəhrəmanlığı, dövlətimizin gücünün təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər xalqımızın milli birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirib.
Diqqətə çatdırılıb ki, Zəfər Gününə həsr edilən şahmat yarışı həm tarixi Qələbəyə ehtiramın ifadəsidir, həm də gənc nəslin intellektual inkişafına, sağlam düşüncəyə və yarış ruhuna dəstək məqsədi daşıyır.
Sonra qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.
