Xəbərlər
YAP Sabirabad rayon təşkilatının gənc fəalları Bayraq Muzeyini ziyarət ediblər
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının gənc fəalları Sabirabad rayonundakı Bayraq Muzeyini ziyarət ediblər.
Ziyarət zamanı gənclərə üçrəngli bayrağımızın yaranma tarixi, onun müstəqil Azərbaycan dövlətçiliyinin əsas rəmzlərindən biri kimi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının formalaşmasında bayrağımızın xüsusi rolu olub və bu rəmz milli birliyimizin, müstəqilliyimizin təcəssümüdür.
Tədbir çərçivəsində gənclər dövlət rəmzlərimizə olan sevgilərini və sədaqətlərini ifadə edərək, Azərbaycanın müstəqilliyinin, suverenliyinin və milli birliyinin simvolu olan müqəddəs üçrəngli bayrağımıza dərin hörmətlərini bildiriblər.
Sonda gənclər qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan bayrağı qalib xalqın, qüdrətli və müasir dövlətin bayrağı kimi dalğalanır və hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib.
