Xəbərlər
“Zəfər epopeyası”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatında “Zəfər epopeyası” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Ulu Öndərin, həmçinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı deyib ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir məntiqinin təntənəsidir. O, şəhidlərin ruhu qarşısında dərin ehtiramını ifadə edərək vurğulayıb ki, Zəfər Gününün hər il böyük qürur və dövlətçilik əzmi ilə qeyd edilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Daha sonra çıxış edən YAP veteranı, Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əskərov, partiya fəalları Ofeliya Sadatova, Rəxşəndə Qasımova, Şahlar Əsədullayev, Zülfiyyə Süleymanova və digər natiqlər bildiriblər ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının ümummilli sevincinin, milli birliyin və dövlət-xalq həmrəyliyinin təntənəsidir. Onlar qeyd ediblər ki, bu bayram böyük mənəvi dəyərə malikdir və xalqımızın tarixində əbədi qalacaq bir qürur səhifəsidir.
