Xəbərlər
Ağcabədidə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək Qarabağ Zəfərinə aparan yolun, Vətən müharibəsinin gedişatının və rəşadətli Ordumuzun keçdiyi şanlı döyüş yolunun önəmli məqamlarına diqqət çəkib. Bildirib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin quruculuq əzmini, Vətən müharibəsində olduğu kimi, bu gün də Qarabağda aparılan bərpa və yenidənqurma işlərində görür. Şanlı Zəfərdən sonra Böyük Qayıdışa doğru inamla addımlanır, doğma yurd yerlərinə həyat qayıdır. Artıq minlərlə ailənin azad edilmiş şəhər və kəndlərə qayıdışı təmin olunub, onlara yeni evlərin açarları təqdim edilib.
Bu gün Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır, çünki onun illər öncə başlatdığı Qarabağ mübarizəsi məntiqi sonluğuna çatıb, şanlı Zəfərlə yekunlaşıb. Azərbaycan xalqı əmindir ki, bu uğurlar davamlı olacaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni zirvələr fəth edəcək.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində əldə olunan Böyük Zəfər 9 Noyabr - Dövlət Bayrağı Gününə təsadüf edib. Bu səbəbdən Azərbaycan xalqı bu bayramı böyük sevinc və qürur hissi ilə qeyd edir. Dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaşda müstəqillik, azadlıq və qürur hisslərini daha da gücləndirir.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Vasif Rzayev, 7 saylı məktəbin hərbi rəhbəri, Vətən müharibəsi veteranı Sədrəddin Əsədov, “N” saylı hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəis köməkçisi İsmayıl Əhmədzadə, eləcə də Qaradolaq kənd məktəbinin müəllimi, şair-publisist Mübariz Əliyev çıxış edərək qazanılmış Böyük Zəfər barədə təəssüratlarını bölüşüblər.
Sonra YAP Ağcabədi rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəhid ailəsi üzvü, qazi, partiya veteranı və fəala fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbir çərçivəsində YAP Ağcabədi rayon təşkilatının kollektivi bir qrup şəhid ailəsini və qazini ziyarət edərək, ailələrə bayram sovqatı təqdim edib.
